Macarıstan və Yaponiya ilə mədəni əməkdaşlıq müzakirə olunub - FOTOLAR

1 Oktyabr 2020 16:45 (UTC+04:00)

Sentyabrın 30-da Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş zamanı iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması, mədəni irsin qorunması sahəsində Macarıstan ilə təcrübə mübadiləsinin aparılması kimi məsələlərə toxunulub.

Həmçinin bu ilin noyabr ayında mədəni irsin rəqəmsallaşması ilə bağlı Macarıstanın təşkilatçılığı ilə keçiriləcək beynəlxalq onlayn konfransda Azərbaycan tərəfinin iştirakının vacibliyi vurğulanıb.

Anar Kərimov Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin 2019-cu ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsində Macarıstanın dəstəyini yüksək qiymətləndirib.

Görüşdə həmçinin Macarıstanın Türk Şurasına daxil olmaq istəyi ilə bağlı müzakirə aparılıb.

Sonda Anar Kərimov Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca yeni təxribatları haqqında diplomata məlumat verib. Bildirib ki, düşmən təcavüzkar siyasətini davam etdirərək Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə məruz qoyur, dinc sakinləri qətlə yetirir. Ermənistanın son hücumları nəticəsində Azərbaycanın mədəni irsinə, tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi ziyan vurulub.
***
Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi ilə görüşdə Anar Kərimov diplomata Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Qeyd edilib ki, hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi böyük əhmiyyət kəsb edir və Azərbaycan bu tarixi marşrut üzərində yerləşən ölkələrlə əməkdaşlığa önəm verir. Hazırda ölkəmizdə bir çoxsahədə Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Anar Kərimov mədəniyyət sahəsində fəaliyyət göstərən şirkətlərin də sayının artması arzusunu ifadə edib.

Görüşdə eyni zamanda Yaponiyada Azərbaycan dilinin Azərbaycanda yapon dilinin təbliği ilə bağlı layihələr haqqında söhbət aparılıb. Anar Kərimov qeyd edib ki, mədəni irsin qorunmasında Yaponiyanın böyük nailiyyətləri var: “Biz istərdik ki, yapon ekspertlərini ölkəmizə dəvət edək və onların təcrübəsindən faydalanaq. Həmçinin yaradıcı sənayenin ölkəmizdə inkişafı, mədəni irsin rəqəmsallaşması, mədəni sahədə əqli mülkiyyətin qorunması, özəl sektorun mədəniyyət sahəsinə investisiya qoya bilməsi ilə bağlı yapon təcrübəsi bizim üçün maraqlıdır”.

Görüşdə Yaponiyada Azərbaycan evinin, Azərbaycanda Yaponiya evinin təsis edilməsinin əhəmiyyəti vurğulanıb, bu sahədə müvafiq addımların atılmasının zəruriliyi qeyde dilib.

Sonda Anar Kərimov işğalçı Ermənistanın hərbi təxribatları və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün apardığı haqlı mübarizə barədə diplomatı məlumatlandırıb.