"Azərbaycan yalnız döyüş meydanında yox..." Sevinc Fətəliyeva

1 Oktyabr 2020 16:16 (UTC+04:00)

“Ermənistanın növbəti hərbi təxribatına Azərbaycan Ordusu əks-həmlı ilə layiqli cavab verməkdədir. İndi işğalçı Ermənistan böyük təşviş içindədir. Azərbaycan bu gün yalnız döyüş meydanında yox, diplomatik cəbhədə və informasiya müharibəsində də düşmən üzərində böyük üstünlük qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibə də bu faktı təsdiqləyir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, ümumiyyətlə, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışlarında, o cümlədən “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində Ermənistanın işğalçı siyasətini, baş nazir Nikol Paşinyanın münaqişənin nizamlanmasını daha da alovlandıran müharibə çağırışlarını kəskin tənqid etdi. Dövlətimizin başçısı bu ədalətsizliyə göz yuman beynəlxalq təşkilatları da kəskin etdi. “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində isə Ermənistanın müharibəyə başladığını, əsas hədəfin dinc əhali olduğunu, beynəlxalq humanizm prinsiplərini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu faktlarla ortaya qoydu.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısının “Rossiya-1” telekanalına verdiyi müsahibə beynəlxalq aləmdə böyük rezonans doğurdu. Artıq dünya ictimaiyyəti də əsl həqiqətdən xəbərdardır və sərhədboyu ərazilərdə təxribatların Ermənistan ordusu tərəfindən törədildiyinə, müharibənin, ilk olaraq, Ermənistan tərəfindən başlanılmasına əminliklərini ifadə edirlər. Deputat qeyd edib ki, dövlətimizin başçısı müsahibəsinin əvvəlində müharibənin Ermənistan tərəfindən başlanıldığını bildirdi. Cəbhədəki son vəziyyət barədə məlumat verən cənab Prezident ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə tutduqlarını bildirdi. Qeyd etdi ki, biz təcavüzkara adekvat cavab verməyə və öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.

“Ermənistanın baş nazirinin, guya, cəbhə bölgəsində türk əsgərlərinin və Türkiyəyə məxsus hərbi texnikanın olması, onların Ermənistan ordusuna qarşı vuruşduqları yalan dövlətimizin başçısı tərəfindən ifşa olundu. Ölkəmizin başçısı bu məsələ ilə əlaqədar aparıcının sualını cavablandırarkən dedi ki, Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. İzləyicilər Nikol Paşinyanın siyasi riyakar, böhtançı, yalançı olduğuna bir daha əminlik yarandı. Ümumiyyətlə, Paşinyanın ölkəyə rəhbərliyi dövründə bütün beynəlxalq tədbirlərdə yalan danışdığı, siyasi riyakarlığı artıq dünya ictimaiyyətinə də bəllidir. Budəfəki proqramda da onun suallara dili dolaşa-dolaşa cavab verməsi, sözləri düzgün tələffüz edə bilməməsi, suallar qarşısında aciz qalması yalançı və riyakar olmasından irəli gəlirdi. Bir sözlə, Paşinyan Azərbaycan Prezidentinin qarşısında yenə də aciz duruma düşdü”-deyə, S.Fətəliyeva vurğulayıb. yap.org.az