Azərbaycan-Ermənistan: hansı ordu güclüdür? - ARAŞDIRMA

1 Oktyabr 2020 15:59 (UTC+04:00)

2 ölkə arasında hərbi-iqtisadi imkanların müqayisəli analizi nəyi göstərir?

Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan keçən 30 il ərzində sülh prosesini açıq şəkildə sabotaj etdiyindən və bu səbəbdən problemin danışıqlar yolu ilə həlli üçün bütün imkanlar itirildiyindən Azərbaycan öz işğal olunmuş ərazilərini hərbi yolla azad etmək üçün əməliyyatlara başladı. İlk günlərdən işğalçı orduya və Qarabağda yerləşdirilən terrorçu dəstələrə sarsıdıcı zərbələr vuran, düşmənin xeyli canlı qüvvəsini, hərbi infrastrukturunu, texnikasını məhv edən Azərbaycan Ordusu qısa müddətdə 10-dan artıq yaşayış məntəqəsini və xeyli strateji yüksəkliyi geri aldı. Özünü itirmiş Ermənistan rəhbərliyi və qorxuya düşmüş erməni ictimaiyyəti situasiyadan çıxmaq üçün yollar axtarır. Lakin artıq gecdir. İndi son sözü silahlar deyir…

Bu yazıda ölkələrin iqtisadi-maliyyə imkanları, canlı qüvvə resursları, silahlı qüvvələrin maddi-texniki təchizatı, ordudakı mənəvi-psixoloji mühiti ilə bağlı kiçik bir müqayisə aparacağıq. Lap başdan başlayaq…

İqtisadi-maliyyə imkanlarının qarşıdurması nə vəd edir?

Hər hansı bir müharibəni apara bilmək üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. Azərbaycan bu sahədə Ermənistandan azı 5 dəfə güclü vəziyyətdədir.
Azərbaycanda illik ümumdaxili məhsul 80 milyard, Ermənistanda isə 15 milyrd dollar təşkil edir. Azərbaycanın dövlət büdcəsi 25 milyard, Ermənistanın dövlət büdcəsi 3,5 milyard dollar təşkil edir. Hərbi büdcələrdə isə müvafiq olaraq, 3 milyarda qarşı cəmi 650 mln dollarlıq hərbi büdcə dayanır.
Ermənistanın ümui dövlət borcu 8 milyarda (ÜDM-in 55 faizi) çatıb. Tədiyyə balansının mənfi saldosu 3 milyard dollar təşkil edir. Xaricdən pul köçürmələri ÜDM-in 25 fazinə yaxındır. Bu iqtisadi göstəricilərə görə, Ermənistan dünyada ən ağır vəziyyədə olan ölkələr siyahısındadır və hazırda yalnız bəzi Afrika ölkələrindən irəlidə olmaqla 153-cü yerdədir.
Ermənistanın cəmi 3 milyardlıq rezervinə qarşı Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollar təşkil edir.
Göründüyü kimi, bütün sahələrdə Azərbaycanın xeyrinə azı beşqat fərq var.
Azərbaycanın apardığı siyasi və iqtisadi fəaliyyət nəticəsində işğalçı ölkə blokada vəziyyətinə düşərək bütün regional və beynəlxalq iqtisadi, ticari, enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu proses Ermənistanda sosial-iqtisadi böhranı daha da ağırlaşdırıb.
1 milyondan artıq yoxsul vətəndaş malik Ermənistanın isə nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.
Beynəlxalq hərbi ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun topladığı sədəqəylə, həmçinin, Amerika və Fransadan edilən maliyyə yardımları ilə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadi çökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər.
Hərçənd, Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 aya qədər uzanmamasına kifayət edir.

Orduların texniki bazası: kim güclü, kim zəif?

Britaniya və Rusiya hərbi araşdırma mərkəzlərinin məlumatlarına əsasən, Azərbaycan ordusu həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən Ermənistan Ordusundan azı 3 dəfə güclü bazaya malikdir. Bəzi konkret sahələrdə üstünlük 4-5 dəfəyə çatır. Müqayisəni verilən cədvəllərdə aydın gördüyünüz üçün burada ətraflı qeyd etməyəcəyik.
Azərbaycan Ordusunun sərəncamında istənilən şəraitdə uğurlu döyüşlər aparmağa imkan verən daha modern hərbi texnika, döyüş aviasiyası və silah-sursat var. Zenit-raket komplekslərinin, artilleriya sistemlərinin, tank və digər zirehli döyüş maşınlarının modernləşdirilməsi isə müvafiq qoşunlar üzrə üstünlüyümüzü dəfələrlə artırıb.
Aviasiya sahəsində Azərbaycan 3 qat üstünlüyə və daha müasir parka sahibdir. Ermənistan Hərbi Hava Qüvvələrinin aviaparkı isə bərbad haldadır. Çoxu köhnə model və istismar müddətini başa vurmuş təyyarə və vertolyotlardır. Belə zəif və köhnə aviaparkla hava döyüşləri aparmaq mümkün deyil. Pilotsuz uçan aparatlar haqda isə danışmağa belə dəyməz. Ermənistanın bir neçə PUA-sına qarşı Azərbaycan ordusunun ixtiyarında bir çoxu silah yüklü olmaqla yüzlərlə ən müasir PUA-lar var ki, bunlar da son günlərdəki döyüşlərdə erməni terroristlərinin mövqelərini, texnikasını havadan dəqiq atəşlərlə darmadağın etməklə öz sözünü dedi.
Ümumiyyətlə, həm hərbi araşdırma mərkəzlərinin hesabatlarından, həm döyüş bölgəsindəki vəziyyətdən aydın görünür ki, bütün texniki sahələrdə Azərbaycan Ordusunun döyüş vasitələri güclü və yüksək effektvlikli texnologiyaya dayanır. Ermənistan ordusunun sərəncamında olan texnikaların əksəriyyəti isə çox köhnə və zəif olmaqla yararsız vəziyyətdədir.

Canlı qüvvə ehtiyatları və peşəkarlıq səviyyəsi

Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Ermənistanla müqayisədə Azərbaycan ordu heyəti və ehtiyat qüvvələr cəhətdən də Ermənistandakından azı 3 dəfə çoxdur. Hazırda Azərbaycanın 125 minlik ordusuna və 300 minlik ehtiyat qüvvələrinə qarşı, Ermənistan ordusu cəmi 45 min əsgərə və 100 minlik ehtiyat qüvvələrə malikdir. Azərbaycanda total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı 4 milyona yaxındır. Ermənistanda isə, bu göstərici 1 milyona da çatmır. Ümumiyyətlə, 10 milyonluq əhaliyə qarşı, faktiki 2 milyon əhali fonunda səfərbərlik imklanlarının müqayisəsindən danışmağa ehtyac belə yoxdur.

İldə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu ciddi çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Bu səbəbdən, mülki vətəndaşlar belə işğal edilmiş ərazilərdə döyüş mövqelərinə göndərilir. Qarabağdakı mülki şəxslərə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.

“Ermənistan Əsgər Anaları Cəmiyyəti”nin açıqladığı hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Hərbi hissələrdə “dedovşina”, xəstəliklər, intiharlar, narkomanlıq, homoseksualizm baş alıb gedir.
Peşəkar hərbçi kadr baxımından Azərbycan ordusunun imkanları xeyli yüksəkdir. Son illərdə keçirilmiş iri miqysalı çoxsaylı hərbi təlimlərdə ordumuz xeyli peşəkarlaşıb. İndi əsgərimiz ən müasir hərbi texnika və avadanlıqları idarə etməyi bacarır və son nəsil texnologiyalardan istifadə edə bilir. Hərbçilərimiz bunu döyüşlərin ilk bir neçə günündə əyani surətdə nümayiş etdirdi.

Hərbçilərin peşəkarlığı və döyüş əzmi cəhətdən müqayisə, ümumiyyətlə, yolverilməzdir. Azərbaycan əsgəri öz vətənində döyüşür, ermənilər isə işğal etdikləri torpaqlarda.

Ordularda mənəvi-psixoloji vəziyyət necədir?

Erməni mediasında yayımlanan materiallarda Ermənistan ordusunda əsgər və zabitlərin psixoloji vəziyyətinin getdikcə pisləşdiyi vurğulanır və həyacan siqnalı verilir. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən "Əsgər Anaları" cəmiyyəti maraqlı faktlar açıqlayıblar.
Bu təşkilatlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Hər il Ermənistan silahlı qüvvələrində 100-dək hərbi qulluqçu həlak olur ki, bunların da təxminən yarısı qeyri-döyüş vəziyyətində ölür.

Ermənistan ordusunda hərbi qulluqçuların sağlamlıq vəziyyəti də ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsi və anti-sanitariya şəraitində xidmət aparmasıdır.
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir.

Azərbaycan Ordusunda isə mənəvi-psixoloji vəziyyət və döyüş əzmi ən yüksək səviyyədədir. Bu barədə geniş yazmağıza ehtyac yoxdur, hər şeyi özünüz bilirsiniz.

Azərbaycan ordusunun arxasında qüdrətli arxa cəbhə dayanır. Ermənistan barədə isə bunu demək mümükn deyil. Belə bir vəziyyətdə müharibənin necə nəticələnəyi dəqiq aydındır.

…Beləliklə, kiçik müqayisəli araşdırmadan ortaya çıxan nəticə budur- Azərbaycan və Ermənistan, əslində, nə hərbi, nə iqtisadi, nə də digər sahələrdə müqayisə ediləcək ölkələr deyil.
Möhkəm dövlətçiliyə, güclü iqtisadiyyata, qüdrətli orduya, əhalisinin yüksək mənəvi-psixoloji vəziyyətə mailk olduğu Azərbaycan işğal edilmiş ərazilərini çox qısa zamanda azad etməyə qadirdir. Artıq bu proses başlayıb və tezliklə yekunlaşacaq.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.