“Biz mübarizəni davam etdirməliyik” ÖZƏL-MÜNASİBƏT

1 Oktyabr 2020 11:45 (UTC+04:00)

“İşğal altında olan torpaqlarımızı azğın erməni təcavüzkarlarından azad etmək xalqımızın milli, mənlik, qeyrət və şərəf məsələsidir. Bu gün şanlı Azərbaycan ordusu bu vəzifəni cəsarətlə, hünərlə yerinə yetirməkdədir və torpaqlarımızın azadlığı uğrunda qanlı döyüşlər gedir. Əlbəttə ki, silahlı qüvvələrimiz düşmənə öz yerini göstərir, onu geri oturdur, yaşayış məntəqələrimizi azad edir. Bu xalqımızın sevincinə səbəb olmaqla, həm də böyük ruh yüksəkliyi yaradır, qələbəmizin uzaqda olmadığını sübut edir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan xalqı bu günləri 30 ildir gözləyirdi. “Biz bu illərdə BMT-nin Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyri-şərtsiz çıxması üçün qəbul etdiyi qətnamələrə, Qoşulmama hərəkətinin, İƏT-nın və bir çox beynəlxalq təşkilatların qərarlarına əsaslanıb münaqişənin sülh yolu ilə həllinə inam bəsləsək də, ancaq Ermənistan hərbi-siyasi rəhbərlərinin tutduqları aqressiv mövqe, onların heç bir beynəlxalq hüquq normasına, sənədə məhəl qoymaması, əksinə təcavüzü davam etdirmələri, yeni torpaqlar işğal etmək çağırışları, başlıcası təcavüzkar dövlət haqqında ciddi ölçü götürməməsi müharibəni qaçılmaz etdi və xalqımız öz haqqı uğrunda döyüşə atıldı.
Bu, qanunauyğundur. Çünki biz öz ərazilərimizi düşməndən azad etmək uğrunda mübarizə aparırıq, işğal olunmuş torpaqlardan təcavüzkarları çıxarmağa başlamışıq. Çox təəssüflər olsun ki, uzun illər Azərbaycanın səsinə səs verməyən, təcavüzü obyektiv qiymətləndirməyən, münaqişənin həlli üçün heç bir təşəbbüs göstərməyən bəzi dövlətlər, beynəlxalq təşkilatlar indi hərəkətə qəliblər. Məgər onlar uzun illərdən bəri Azərbaycanın düşdüyü vəziyyəti, torpaqlarımızın işğalını, xalqımıza qarşı törədilən soyqırımları, qətliyamları, faciələri görmürdülərmi? Axı onlar Ermənistanın heç bir hüquq normasına, qətnaməyə, qərara məhəl qoymadığını, faşizmi, nasizmi, terroru, təcavüzü təbliğ etdiyini və bunu əməldə həyatda keçirtdiyini yaxşı bilirlər. Ermənistanın baş naziri Paşinyan “Qarabağ - Ermənistandır” deyəndə, işğal olunmuş ərazilərə Suriyadan, Livandan olan ermənilər yerləşdiriləndə, terrorçular gətiriləndə nədən susurdular? Azərbaycan Prezidenti Cənab İlham Əliyev “Ermənistan müharibəyə hazırlaşır”, “Ermənistan yeni əraziləri işğal etmək niyyətindədir” deyəndə və erməni silahlı birləşmələri hər gün yeni təxribatlar törədəndə bu dövlətlər nə üçün öz səslərini çıxarmırdılar?
Sozsüz suallar cavabsız qalacaq. Belə olan halda biz mübarizəmizi davam etdirməliyik”, deyə Tahir Rzayev bildirib.