“Böyük qəzəl ustadı Əlağa Vahid” adlı sərgi təqdim olunub

1 Oktyabr 2020 10:15 (UTC+04:00)

Azərbaycanın görkəmli qəzəl ustası Əlağa Vahidin xatirə günü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Böyük qəzəl ustadı Əlağa Vahid" adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan SİA-ya bildirilib ki, virtual sərgidə böyük qəzəlxanın həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar, məqalələr təqdim olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Boyuk_qezel_ustadi_Elaga_Vahid/index.html linkdən istifadə edə bilərlər.
Azərbaycan şeirinin müxtəlif növlərində, o cümlədən istər əruz, istərsə də heca vəznində eyni ustalıqla yazan Əlağa Vahid öz məharətini ayrı-ayrı mövzularda qələmə aldığı qəzəl və şeirlərinin nümunəsində dəfələrlə sübut edib. Əlağa Vahidin qəzəllərində ana dilimizin gözəlliyi, özünəməxsusluğu əsas yer tutur. Qəzəlləri klassik şeirimizdə olan ərəb-fars sözlərindən xeyli dərəcədə təmizlənmiş, Azərbaycan türkcəsinin şirinliyini özündə yaşadan sözlərlə, ifadələrlə zəngindir.