Xalq Ali Baş Komandana və Azərbaycan Ordusuna güvənir: biz qələbəyə doğru gedirik

30 Sentyabr 2020 17:12 (UTC+04:00)

Ötən əsrin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən sonra müvəqqəti olaraq tərəflər arasında atəşkəs imzalandı. Atəşkəs razılaşması qarşıdakı dövrdə münaqişəyə dair razılaşmanın əldə edilməsi məqsədi daşıyırdı. Lakin, ötən 30 ilə yaxın bir dövrdə Ermənistan rəhbərliyi beynəlxalq hüququ pozmaqda davam edir və hər vəchlə razılaşmanın əldə edilməsinə mane olur, danışıqlar prosesini müxtəlif bəhanələrlə pozur, zaman-zaman isə cəbhə bölgəsində təxribatlar törədirdi.

“4 günlük müharibə” və sərsəm bəyanatlar bölgəni müharibəyə sürüklədi

Nəhayət 2016-cı ilin aprelindəki “4 günlük müharibə” əslində uzun illər davam edən status-kvonun arzuolunmaz, eyni zamanda nə qədər təhlükəli olduğunu açıq şəkildə göstərdi. Son illər düşmən ordusunun mütəmadi davam edən təxribatları, Ermənistan rəhbərliyinin aqressiv davranışları danışıqların əslində heç bir səmərə və bundan sonra da hər hansı müsbət nəticə verməyəcəyini nümayiş etdirdi.
Cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında bildirdi ki, danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır. Dövlət başçısı onu da diqqətə çatdırdı ki, təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməyib. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanıb. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var”.
2019-cu ilin avqustunda Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanat səsləndirdi. Bu düşünülməmiş, pafosla söylənilən bəyanatın bölgəni tezliklə müharibəyə sürükləyəcəyindən xəbər verirdi. Nikol Paşinyan sözügedən dönəmdə təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Türkiyəyə qarşı sərsəm bəyanatlar səsləndirirdi. Sevr müqaviləsinin ildönümündə Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsi hətta müttəfiqləri tərəfindən də birmənalı qarşılanmamışdı.

Son xəbərdarlıq: “axırı onlar üçün pis olacaq”

Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təxribatları 2020-ci ilin əvvəllərindən başlayaraq daha da aktivləşdi. Dağlıq Qarabağdan uzaq Tovuz-Qazax istiqamətindəki təxribatları buna nümunə göstərmək olar. Ermənistanın müharibə meylli siyasətini göstərən digər faktor isə bölgəyə terrorçuların cəlb olunmasıdır. Son bir neçə aydır Ermənistan bütün beynəlxalq qanunları pozaraq işğal altındakı torpaqları, 1990-cı illərin əvvəllərində olduğu kimi, terrorçuların məskəninə çevirməkdədir.
Dövlət başçısı cənab İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindəki çıxışı zamanı bir daha vurğuladı ki, əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq.
Cənab prezident bəyan etdi ki, bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar.
Lakin, bütün bu xəbərdarlıqlara baxmayaraq Ermənistan təxribatlarını davam etdirdi. Sentyabrın 27-də, səhər saatlarında Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat törətdi. Ermənistan ordusunun ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində hərbçilərimiz, mülki şəxs, o cümlədən iki məktəbli uşaq həlak oldu. Yaşayış evləri dağıdıldı, mülki şəxslər yaralandı.

Sülh dilini başa düşməyən Ermənistan silah dilində başa salınır

Bu dəfə yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyən və bu planı reallıqda həyata keçirməyə cəhd edən Ermənistana qarşı əks-hücum əməliyyatına başladıq və cəbhənin müxtəlif istiqamətlərində təxribat törədən erməni silahlıları susduruldu. Bu gün dördüncü gündür Azərbaycan öz torpaqlarında müharibə aparır, ərazilərini işğalçılardan təmizləyir, ard-arda qələbə xəbərləri gəlir. Ordunun ruh yüksəkliyi, xalqın inanılmaz dəstəyi qələbəni qaçılmaz edən şərtlərdəndir.
Prezident İlham Əliyev tərəfindən danışıqlar masası arxasında həmişə rəzil duruma salınan Paşinyanın bu dəfə ordusu işğal etdikləri Azərbaycan torpaqlarında öz dərsini aldı. Belə ki, sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Prezident İlham Əliyev Azərbaycan tərəfinin məcburən bu addımı atdığını bildirdi. Sözlərinə onu da əlavə etdi ki, biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz insanlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik.
Paşinyan isə zamanında ona verilən imkanları dəyərləndirə bilmədi. İndi işğal etdikləri əzəli Azərbaycan torpaqlarında aparılan döyüş əməliyyatlarından qorxuya düşüblər. Çıxılmaz vəziyyətdə olan Nikol Paşinyan regionda geosiyasi durumun dəyişmək üzrə olduğunu çox gözəl dərk edir.
Status-kvonu saxlamaq ümidini hələ də itirməyən rəsmi Yerevan üçüncü tərəfləri münaqişə zonasına cəlb etmək üçün müxtəlif beynəlxalq qurumlara, dövlətlərə üz tutub, dilənçi kimi kömək diləyir. Amma, Azərbaycan artıq tək Ermənistana qarşı yox, dünyaya qarşı haqq savaşına girdiyini gözə alıb. Sülh dilini başa düşməyən Ermənistan silah dilində başa salınır.

"Bizim erməni xalqı ilə işimiz yoxdur"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı söyləyib ki, erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin: “Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır".
Dövlət başçısı vurğulayıb ki, bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır: “Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir”.
Cənab Prezident onu da diqqətə çatdırıb ki, Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək: “Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək".

Xalqımız qələbəyə inanır və qələbə bizimdir!

Bəli, bu gün cavan, yaşlı, kişi və qadın fərqi yoxdur, hər bir azərbaycanlı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşməyə hazır olduğunu bildirir. Artıq tarixi zaman yetişib. Torpaqlarımız gec-tez erməni işğalından azad edilməli idi. O gün isə bu gündür. Azərbaycanın qüdrətli ordusu cəbhədə ermənilərə layiqli cavabını verir və ard-arda torpaqlarımızı işğaldan azad edir. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında möhtəşəm tarix yazmaqda davam edir. Xalqımız qələbəyə inanır və qələbə bizimdir!

Pərvanə Hacıyeva,
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri