Qənirə Paşayeva deputatları maaşlarını Orduya bağışlamağa çağırıb

30 Sentyabr 2020 15:31 (UTC+04:00)

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edərək, müzəffər ordumuza mənəvi dəstək üçün bir neçə konkret təklif irəli sürüb.Qənirə Paşayeva deputatları maaşlarını Orduya bağışlamağa çağırıb. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edərək, müzəffər ordumuza mənəvi dəstək üçün bir neçə konkret təklif irəli sürüb. Millət vəkili həmkarlarını öz maaşlarını Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürməyi təklif edən xanım Paşayeva, həmkarlarını həmçinin qanvermə aksiyasına dəvət edib. Dövlətimizin gərəkən ehtiyatlara, o cümlədən yetərli qan bankına malik olduğunu, bunun rəsmi şəkildə bildirildiyini xatırladan Millət vəkili, öncəbhədə qızğın döyüşlər getdiyini və bu aksiyanın ehtiyacdan daha çox mənəvi dəstək ifadəsi olacağına, örnək təşkil edəcəyinə diqqət çəkib.

Qənirə Paşayeva ali məktəblərdə hərbi dərslərin bərpasını, orta məktəblərdə isə daha yaxşı təşkili məsələsinə baxılmasını zəruri hesab etdiyini bildirib. – Minlərlə gəncimizin səfərbərlik və hərbi çağırış idarələrinə gedərək, cəbhəyə könüllü yazılmasının qürurverici olduğunu, lakin o gənclərin heç olmazsa, ibtidai hərbi bilik və vərdişlərə yiyələnməsinin də xüsusi önəm daşıdığını qeyd edib.

Çıxışında Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 10 illiyi ilə bağlı yubiley medalının təsis edilməsinə tərəfdar olduğunu da bildirən xanım Millət vəkili, bu yubiley medalı ilə bağlı müvafiq Qanunda dəyişikliyi dəstəkləyib. Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının özəlliklə son günlər gecə-gündüz fədakarlıqla çalışdığını deyən Qənirə Paşayeva, yubiley medalını, bu xidmətdə çalışanların işinə verilən dəyər kimi xarakterizə edib.

Millət vəkili çıxışının sonunda hər bir vətəndaşımızı, dünya azərbaycanlılarını, bütün haqsevər insanları Azərbaycanın haqq işinə dəstək verməyə çağırıb, ordumuzun tezliklə qəti və tam qələbə çalacağına inamını bildirib.