Ermənistan təcavüzkar siyasətindən əl çəkməlidir!

30 Sentyabr 2020 11:39 (UTC+04:00)

27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi. Beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı və son dövrdə açıq şəkildə nümayiş etdirdiyi təxribatçı əməllərinə hələ də adekvat münasibət bildirmir. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyəti narazılıq doğurur. Görünən odur ki, Minsk qrupu və həmsədrlər münaqişənin ədalətli həlli istiqamətində əməli addımlar atmaq istəmirlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti yarıtmaz vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Paşinyan səriştəsiz adamdır və onun dövlət idarə etmək, normal danışıqlar aparmaq təcrübəsi yoxdur. Görünən odur ki, Paşinyan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. O, təxribatçı əməlləri ilə öz xalqını uçuruma aparır. Faşist və nasist Ermənistan bir daha əsl murdar və riyakar, fitnəkar və təxribatçı simasını açıb ortaya qoydu. Bir daha işğalçı və təcavüzkar, sülhə və təhlükəsizliyə təhdid, təhlükə olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan həmişə problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olsa da, Ermənistan danışıqlar prosesindən yayınıb müxtəlif bəhanələrlə münaqişənin həllini uzatmağa çalışıb.
Qələbə yaxındadır. Düşmənin cəbhə xətti yarılıb. Erməni ordusundakı təlaş xaosa çevrilib. Mənfur erməni silahını atıb qaçır. Vəziyyət o həddə çatıb ki, düşmən ölkədə fərarilərin güllələnməsi barədə qərar qəbul edilib. Azərbaycan Ordusu təzyiqi bir az da artırsa ermənilər bir-birini güllələyəcək.

Ermənistan hərbçilərinin Azərbaycan ərazilərini, mülki şəxsləri artileriya atəşinə məruz qoyması Azərbaycanı da daha ciddi addımlar atmağa vadar etdi. Ermənistanın son genişmiqyaslı təxribatlarına cavab olaraq ordumuz hücum əməliyyatları reallaşdırdı. Prezident xalqa müraciətində bir çox vacib məqamları xüsusi olaraq qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan xalqına həmin məlumatları verməklə bir daha təsdiqlədi ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Bu gün xalqımız Ali Baş Komandanımıza birmənalı dəstək nümayiş etdirir. Xalq arasında yüksək əhval-ruhiyyə mövcuddur, insanlarda torpaqlarımızın işğaldan azad olunacağına dair dərin inam mövcuddur. Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi faktı da Ermənistanı qorxuya salır. Ermənistan bilməlidir ki, torpaqlarımız işğaldan azad olunacaq. Xalqın dövlətimizin başçısının ətrafında sıx birləşməsi bizi yeni qələbələrə yaxınlaşdırır.

İradə Bayramova, 67 saylı orta məktəbin direktoru