"Şuşaya, Xankəndinə çatmağımıza az qalır" ÖZƏL-MÜNASİBƏT

30 Sentyabr 2020 11:58 (UTC+04:00)

"Ermənistan panikadadır. Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr düşmən dövlətin bütün hərbi -siyasi fəaliyyətini demoralizə etməkdədir. İtkilərini gizlətsələr də, ölüm sayları minlərlədir. Özünüz baxın, onlarla kəndin, yuksəkliklərin, mövqelərin azad edilməsi, çoxlu sayda səngərlərin, istehkamların darmadağın olunması, Xocavənddə böyük bir alayın (adətən, alayda minlərlə hərbçi olur) və s. məhv edilməsi onu göstərir ki, artıq Ermənistanda hər bir ailəyə tabut getməkdədir. Düşmən əsgərləri mövqelərini qoyub qaçırlar. Paşinyana tabe olmayan tv-lərdə nümayiş etdirilən kadrlarda aydın göstərilir ki, hərbi polis geri qaçan hərbi maşınların, mülki avtomobillərin təkərlərinə atəş açır, şüşələrini sındırırlar". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, Paşinyan az qala hər gün başıalovlu Putinə zəng edir: "Müdaxilə etməyi, döyüşləri dayandırmağa kömək üçün yalvarır. Bu, mümkün deyil. Yayından çıxan oxu heç kim durdura bilməz. Qorxu içində olan düşmən yeni hədələrə əl atır, bizi qorxutmaq istəyir. Bu ölkənin Rusiyadakı səfiri Bakını, digər şəhərlərimizi, mülki və strateji obyektlərimizi "İskəndər" raketləri ilə vurmağa çağırır.

Əlbəttə ki, bu, nağıldan başqa bir şey deyil. Əvvəla, ölkəmizdə raket və hava hücumundan etibarlı müdafiə sistemləri iş başındadır. Həmin raketlər elə Ermənistanın səmasındaca tutulub məhv edilər. İkincisi, düşmən belə səhvə yol verərsə, Naxçıvandakı dağıdıcı silahlarımız və qoşunlarımız 10-15 dəqiqə ərzində Yerevanı yer üzərindən silə bilərlər. Təcavüzkar dövlətin rəhbərləri dil-boğaza qoymadan Azərbaycan tərəfdən Türk əsgərlərinin və suriyalı muzdluların döyüşdüyünü iddia edirlər. Hətta guya Türkiyəyə mənsub F-16-nın düşmən hərbi təyyarəsini vurduğunu deyirlər. Dünən "Rossiya 1 " televiziyasına verdiyi müsahibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu dezinformasiyaları rəsmən təkzib etdi.

Bəli, bütün dünya görür ki, Türkiyə bizə dəstəkdir. Qardaş ölkənin rəhbərlərinin bəyan etdikləri kimi, Azərbaycan necə istəsə, o şəkildə də kömək etməyə hazırdırlar. Bu, o deməkdir ki, gərək olduğu halda, Türk Əsgəri bizimlə çiyin-çiyinə vuruşmağa hazırdır. Fəqət bu gün buna ehtiyac duymuruq. Gücümüz yetərlidir. Türkiyənin hazırda bizə verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıqdır!

Muzdlulara gəkdikdə - buna da ehtiyacımız yoxdur. Şanlı əsgərimiz döyüş meydanında şir kimi vuruşur. Ruhu güclüdür. Pul qarşılığında vuruşanlar bu rəşadəti göstərə bilməz. Digər tərəfdən, yaxşı təlim keçməmiş, coğrafiyamızla, relyefimizlə tanış olmayan, dilimizi bilməyən muzdlular yalnız ümumi işimizə mane ola bilərlər. Şuşaya, Xankəndinə çatmağımıza az qalır. Böyük Zəfər lap yaxındadır. Allah Əsgərimizi qorusun!".