Anar Kərimov: "Hər bir azərbaycanlı ordumuzun qələbə xəbərlərini səbirsizliklə gözləyir"

29 Sentyabr 2020 16:35 (UTC+04:00)

Sentyabrın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi "Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi"nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov son günlər cəbhədə gedən döyüşlərdən danışıb. Qeyd edib ki, Azərbaycan tarixi günlərini yaşayır, işğal olunmuş torpaqları geri qaytarmaq uğrunda mübarizə aparır. Hər bir azərbaycanlı ordumuzun qələbə xəbərlərini səbirsizliklə gözləyir. Qələbə itkisiz olmadığı üçün şəhidlərin də olması qaçılmazdır, çünki bu, vətən müharibəsidir. O, Azərbaycan xalqına səbir, şəhidlərimizə rəhmət diləyib, hamını ordumuzun və Ali Baş Komandanın ətrafında birləşməyə çağırıb.

Anar Kərimov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsinin də dağıdılaraq məhv edildiyini bildirib. Qeyd edib ki, Mədəniyyət Nazirliyi işğal olunmuş torpaqlarımızda dağıdılmış abidələrimizlə bağlı geniş məlumatlar hazırlayaraq yayır.

Müsabiqə ilə bağlı məlumat verən A.Kərimov qeyd edib ki, məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırmaq, özündə sosial məsuliyyəti, infeksiyadan qorunmaq barədə məlumatı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalini maarifləndirmək və yaradıcı potensialı olan hər bir şəxsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.

"Əminliklə deyə bilərəm ki, ədəbi mühitə və ictimaiyyət arasında müsabiqəyə göstərilən maraq və təqdim olunan hekayə sayı qarşıya qoyulan məqsədlərə nail olunmağın göstəricisidir. Belə ki, müsabiqəyə 417 hekayə təqdim olunub və 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib. Şübhəsiz hekayələr arasında dəyərli əsərlər də var. Bu ədəbi mətnləri qiymətləndirmək üçün qərara aldıq ki, yüksək bal toplamış 20 ən yaxşı hekayəni kitab şəklində nəşr etdirərək oxuculara təqdim etmək üçün kitabxanalara paylayaq", - deyə Anar Kərimov əlavə edib.

Vurğulanıb ki, bu ilin sonunda ölkəmizdə ali ədəbi mükafat hesab olunan "Qızıl Kəlmə" Ədəbi Mükafatına əsərlərin qəbuluna başlanacaq. Hazırda bu müsabiqənin nominasiyaları, mükafat fondu və yenidən formalaşdırılacaq münsifləri heyəti üzərində iş aparılır.

Bildirilib ki, Mədəniyyət Nazirliyi gələcəkdə vətənpərvərliklə bağlı yeni hekayə müsabiqəsinin keçirilməsini nəzərdə tutub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibləri Rəşad Məcid, İlqar Fəhmi, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan və başqaları çıxış edərək qalibləri təbrik ediblər. Bildirilib ki, bu müsabiqədə peşəkar yazıçılarla bərabər məktəblilər də iştirak edib. Müsabiqənin başlandığı gündən Mədəniyyət Nazirliyi tərəfindən geniş təbliğat aparılıb və obyektiv qiymətləndirmə həyata keçirilib.

Sonra qaliblər mükafatlandırılıb. "Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi"nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq Natiq Məmmədlinin "Taclı mələklər" hekayəsi birinci yerə, Sevinc Elsevərin "A quşlarım, getməyin..." hekayəsi ikinci yerə, Cavi Danın "Ev" hekayəsi isə üçüncü yerə layiq görülüb. Əkbər Qoşalı və Reyhan Yusifqızı müsabiqənin xüsusi mükafatını qazanıblar.

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə isə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunub.