Ohanyan Qarabağa gedib

29 Sentyabr 2020 12:24 (UTC+04:00)

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın təcili olaraq Qarabağa getdiyi bildirilir. SİA xəbər verir ki, bu barədə Armenianreport məlumat yayıb. Erməni saytının məlumatında qeyd olunur ki, keçmiş hərbi nazir “geniş hərbi biliyə, hərbi əməliyyatların aparılması bacarığına” malikdir. Lakin bu məlumatı yayan sayt, məhz Seyran Ohanyanın nazirliyi dövründə rüsvayçı Aprel və Günnüt məğlubiyyətlərini xatırlatmağı nədənsə unudub.

Xatırladaq ki, Seyran Ohanyan işğalçı Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın dövründə - 2008-2016-cı illərdə müdafiə naziri olub və birinci Qarabağ müharibəsində azərbaycanlıların kütləvi qətlə yetirilməsi prosesində, xüsusilə Xocalı soyqırımında yaxından iştirak edib.

Barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunmuş Ohanyan eyni zamanda, 1999-2007-ci illərdə qondarma "dqr"in "müdafiə naziri", 2007-2008-ci illərdə Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub.

Rövşən RƏSULOV