"Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi qanunauyğunluqdur" Sevinc Fətəliyeva

29 Sentyabr 2020 11:13 (UTC+04:00)

“Sentyabrın 27-də cəbhə xəttində vəziyyətin gərginləşməsi işğalçı Ermənistanın yeni təcavüzkar siyasətinin təzahürüdür. Bu təcavüzkar siyasət münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin pozulması, status-kvonun qorunması, yeni təxribatların törədilməsi, Ermənistandakı sosial-iqtisadi və siyasi böhranın gizlədilməsi məqsədinə xidmət edir. İşğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycana qarşı hücuma keçib və yeni ərazilərimizi işğal etmək məqsədilə yaşayış məntəqələrini və dinc əhalini hədəfə alıb. Bir neçə gündür ki, cəbhədə ağır döyüşlər davam edir. Güclü Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq onu geri oturdub və əks-hücum nəticəsində bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad edib”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır. İşğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi bir müddətdir ki, ölkəmizə qarşı təxribatlar həyata keçirir və bu məkrli addımından imtina etmək fikrində deyil. Onun sözlərinə görə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı açıq şəkildə Paşinyan hakimiyyətinin iç üzünü bir daha ifşa etdi, Ermənistanın Azərbaycana qarşı yeni müharibə və təxribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı: “Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı ardıcıl olaraq apardığı təxribatların əsas səbəblərini də iclas iştirakçılarının diqqətinə çatdırdı. İyul ayında ermənilər Tovuz istiqamətində təxribat törətdi. Erməni silahlı qüvvələri sərhəd boyunca mülki əhalini qəsdən hədəfə aldı. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Lakin ermənilər bu dəfə də şanlı ordumuz tərəfindən layiqincə yerinə oturduldu. Ancaq təkcə Tovuz hadisələri deyil, işğal olunmuş ərazilərdə “prezident seçkiləri”, “parlament seçkiləri”, “andiçmə mərasimi” keçirməsi və digər faktlar Ermənistanın ölkəmizə qarşı təxribatların göstəricisidir. Bunun ardınca isə erməni tərəfi sentyabrın 27-də növbəti dəfə təxribat törədərək ərazilərimiz ağır silahlardan atəşə tutdu. Beynəlxalq təşkilatların və dövlətlərin işğalçıların bu təxribatlarına susqunluğu fonunda Azərbaycan Ordusu öz sözünü deyir, düşmənə sarsıdıcı zərbə endirilir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, bizim işimiz haqq işidir, biz torpaqlarımızın işğaldan azad olunmasını istəyirik”.

Hazırda cəbhədə ordumuz tərəfindən uğurlu əməliyyatların davam etdiyini deyən millət vəkilinin sözlərinə görə, bir sıra ərazilərimiz və strateji yüksəkliklər işğaldan azad edilib: “Ordumuzun rəşadəti xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Hər kəs əlina silah alıb torpaqlarımız uğrunda döyüşlərə getməyə hazırdır. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər 30 ilə yaxındır ki, kağız üzərindədir. Belə bir halda, şanlı ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması təbii qanunauyğunluqdur”. yap.org.az