"Ordumuz humanizm prinsiplərinə sadiq qalaraq mülki əhaliyə atəş açmır" Ziyafət Əsgərov

29 Sentyabr 2020 11:12 (UTC+04:00)

“Azərbaycan tərəfindən Ermənistana dələlərlə xəbərdarlıq edilmişdi ki, öz işğalçılıq siyasətindən əl çəksin. Amma düşmən bu xəbərdarlıqları qulaqardına vururdu. Odur ki, indi də cavabını alır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Prezidenti BMT-nin bu günlərdə keçirilən sessiyasında çıxışı zamanı bütün dünyaya ölkəmizin haqq səsini bir daha çatdırdı və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etdi. Ermənilər ərazilərimizi işğal etməklə kifayətlənmir, dini və tarixi abidələrimizi məhv edir, məscidlərimizdə donuz saxlayırlar. Bunun bir sonu olmalıdır. Hazırda gedən döyüşlərdə Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alır, zərər verirlər. Lakin Azərbaycan Ordusu beynəlxalq humanizm prinsiplərinə sadiq qalaraq mülki əhaliyə atəş açmır. Bizim müharibəmiz ancaq işğalçılarla, Ermənistan ordusu ilədir.

Komitə sədri qeyd edib ki, 30 ildən artıqdır biz BMT başda olmaqla bütün beynəlxalq təşkilatlara erməni vəhşiliyi ilə bağlı müraciət etsək də, bir nəticəsi olmadı: “BMT-nin 4 qətnaməsi hələ də kağız üzərindədir. ATƏT-in Minsk qrupu boş-boş bəyanatlar verməklə məşğuldur. Bəs onda Azərbaycan nə etməlidir? Əlbəttə, Azərbaycan Ordusu düşmənə layiqli cavab verməyə qadirdir və verir də. Düşmən yerində oturdulur, ona həddi bildirilir”.