“Əminik ki, 30 illik haqsızlığa, ədalətsizliyə son qoyulacaq” Məşhur Məmmədov

29 Sentyabr 2020 11:04 (UTC+04:00)

“Sentyabrın 27-də səhər saat 06.00-da Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçib və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alıb. Azərbaycan ordusu düşmənə ağır zərbələr vuraraq onu geri oturdub və bütün cəbhəboyu əks-hücuma keçib. Daxil olan məlumatlara görə, düşmən ordusu ciddi itki verərək geri çəkilir”. Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

Millət vəkili bildirib ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana tam əsas verir ki, bu əməliyyatları həyata keçirsin: “Artıq Azərbaycan Ordusu müvəffəqiyyətlə əks hücuma keçib. Nəticədə Azərbaycanın 10-a yaxın kəndi və bir sıra əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib. Bu gün Azərbaycanda yüksək əhval-ruhiyyə və döyüş ruhu var, hamı bir nəfər kimi Ali Baş komandanın ətrafında sıx birləşib və ordumuzun yanındadır. Əminəm ki, 30 illik üzləşdiyimiz haqsızlığa, ədalətsizliyə, nəhayət, son qoyulacaq”.

M.Məmmədov dövlətimiz, xalqımız və ordumuz üçün torpaqlarımızı tam olaraq işğaldan azad etməkdən ötrü tarixi şansın yarandığını deyib: “Belə bir məqamda hamı bir olmalı, bütövlükdə xalqımızdan asılı olan nədirsə, onu etməli və tarixi fürsəti qaçırmayaraq uzun müddət arzu etdiyimiz Qarabağın və ətraf rayonların işğaldan azad olunmasına nail olmalıyıq. Çünki Xalq–dövlət birliyi, xalqımızın ordumuza dəstəyi sarsılmazdır. hər kəs bu müharibəyə, bu mübarizəyə hazır olmalıdır. şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirdilər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdilər. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır”.

Millət vəkili, hər bir işdə məsuliyyətli olmağın vacib olduğunu da bildirdi. Qeyd etdi ki, bu gün bu gün ölkəmizdə komendant saatı tətbiq olunub və vətəndaşlarımız da məsuliyyətli olmalıdır: “Bildiyiniz kimi, Azərbaycan Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında» Fərmanı Milli Məclis tərəfindən təsdiq edildi. Bununla əlaqədar olaraq bir sıra ərazilərdə komendant saatı tətbiq edilir. Komendant saatı 21:00-dan başlasa da, ictimai nəqliyyat saat 20:00-dək fəaliyyət göstərəcək. Bu qaydalara əməl etmək hər birimizin vətən borcudur. Və buna əməl etməklə, həmçinin qanunvericiliyin tələbi olmaqla yanaşı, həm də ordumuza, əsgərlərimizə dəstək olmaq üçün etməliyik”.

“Sonda Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın xalqa etdiyi müraciətində bildirdiyi kimi “Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”,-deyə millət vəkili bildirib. Və əlavə edərək söyləyib ki, “Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur, mübarizə yalnız ərazi bütövlüyümüzün bərpası uğrundadır. Əminik ki, 30 illik üzləşdiyimiz haqsızlığa, ədalətsizliyə, nəhayət, son qoyulacaq”.

Rəfiqə HÜSEYNOVA