Quduzlaşmış Paşinyana və onun havadarlarına mesaj - Qarabağ Azərbaycandır!

29 Sentyabr 2020 11:02 (UTC+04:00)

Prezident İlham Əliyev: “Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

27 sentyabr- səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətdi. “Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali arasında, həm hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir”. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Təhlükəsizlik Şurasının iclasında səsləndirib. Dövlətimizin başçısı deyib: “Səhər tezdən məlumatı alan kimi, mən müdafiə naziri və digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır. Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar və bizdə olan operativ məumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir və bu məsələ ilə bağlı mən artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim. Demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar”.

“Azərbaycan vətəndaşları ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”

Bu gün səhər Azərbaycana qarşı edilən hücumun planlaşdırılmış hərbi təxribat olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan bizim mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutuldu. Mülki əhali arasında, qeyd etdiyim kimi, itkilərimiz var. Bu, bir daha Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və bu, birinci dəfə deyil - Tovuz hadisələri, ondan sonra digər hadisələr. Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti arasında, Azərbaycan vətəndaşları arasında cəbhə boyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın, panika yaransın. Bu gün səhər mən bütün cəhbəboyu bölgələrdən məlumat almışam. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir və ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Ali Baş Komandan Azərbaycan xalqına müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan xalqa müraciət edərək bildirib ki, Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması Bu, erməni faşizminin növbəti təzahürüdür. Müraciətdə deyilir: “Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

“Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi”

Müraciətdə bildirilir ki, Azərbaycan Ordusunun gücü ilə Ermənistan acə məğlubiyyətlə razılaşdı: “Azərbaycan Ordusunun gücü ilə Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı”.

Müraciətdə bildirilir ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi Azərbaycvn torpaqlarınnı işğalına nail olmaq idi: “Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır”.

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır”

“İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır”. Müraciətdə deyilən bu fikirlərin ardınca bildirilir ki, Ermənistan acı məğlubiyyətlərin dərslərini bundan sonra da alacaqa: “Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar”.

“Qarabağ Azərbaycandır və nida işarəsi”

Müraciətdə Ermənistanın baş nazirinin yalan və sərsəm inforomasiyaları haqqında bildirilir ki, Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır: «Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi”.

“Bu yaxınlarda qondarma “DQR” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır”, -müraciətdə deyilir. Həmçinin, müraciətdə bildirilir ki, bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır: «Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır… Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir. Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə «Qarabağ Ermənistandır», bu, yalandır. Mən deyəndə ki, «Qarabağ Azərbaycandır», bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir”.

"Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır"

Müraciətin sonunda bildirilir ki, Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır: «Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

"Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

"Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib"

Bəli, bu gün güclü, qüdrətli Ordumuzun, rəşadətli əsgərlərimizin gücü ilə bu gün bir çox kəndlərimiz işğaldan azad olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Ordusunun uğurlu əməliyyatından danışaraq bildirib ki, məhz bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib: "Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib".

Ordumuzun uğurlu əks-hücum əməliyyatı münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı deyib: "Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın, Ağdam şəhərinin qalıqlarına. Baxın, Füzuli şəhərinin qalıqlarına. Baxın, bizim işğal edilmiş ərazilərdə məscidlərimizin dağılmış vəziyyətinə, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, biz bu dəstəyi daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır və 30 ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm ki, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq".

Gözün aydın Azərbaycanımız, gözün aydın xalqım mənim, gözün aydın bütün türk xalqım!

Bəli, budur, QƏLƏBƏ! Budur, Azərbaycan Ordusunun uğurlu əməliyyatı - kəndlərimiz işğaldan azad edilir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər, kəndləri, işğaldan azad edilib. Bundan əlavə Ağdərə rayonu istiqamətndə və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilib. Bir sıra yüksəkliklər isə nəzarətə götürülüb. Qələbələrimizin sorağı ardıcıl gələcək.

Bəli, hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə "demokratı" başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızlırın uğursuz hakimiyyət "siyasətinin" əziyyətini elə sadə erməni xalqı çəkir. İşğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? "Qarabağ Ermənistanındır, vəssalam!" böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı "NİDA!" olmalı idi. Bu qələti edəndə Azərbaycan Ordusunun cavabı belə olmalı idə! Ən əsas məqam isə, Azərbaycan Prezidenti Nikola bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında onu "düz yola gəlin" mesajını verəndə anlamalı idi ki, bir də düz yola gəlmədiyi halda növbəti dəfə elədiyi qələtlərin bədəli daha ağır olacaq! Budur, işğalçı, təcavüzkarlığın və nəhayət Paşinyan və ondan əvvəlkilərin elədikləri qələtin bədəli. Unudulmayan, dünyada Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyasının dünya tarixində əbədi olaraq qalan qələbələr" Uğur olsun, Prezidentimiz, uğur olsun Ali Baş Komandanımız!

RƏFİQƏ HÜSEYNOVA