Ermənistan Cenevrə Konvensiyasını ciddi şəkildə pozur - ŞƏRH

29 Sentyabr 2020 10:52 (UTC+04:00)

Prezident İlham Əliyev: “Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir”

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev qeyd edib kİ, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb.

Prezident İlham Əliyev söhbət zamanı bildirdi ki, o, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd etmişdir. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Prezident İlham Əliyev deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.

Prezident İlham Əliyev: “Azərbaycan COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcək”

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası müzakirə edilib və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edib.

Xüsusilə son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının reallığıdır. Buna isə “Biz birlikdə güclüyük!” devizi ilə nail ola bilirik və bu gün nəticə göz önündədir.

Reallıqlar: həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur

Bəli, bugünkü şəraitdə həyata keçirilən bu tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Yəni Prezident İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Həmişə də bu qayğı görünməkdədir. Prezident xalqın təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi üçün qlobal pandemiyanın dünya ölkələrində yaratdığı fəsadları izləyir, düzgün təhlil edir, təhlükələrin qarşısını almaq üçün vaxtında və rasional qərarlar verir, nəzarətin gücləndirilməsi şəraitində yüksək çevikliyə malik operativ qərargahın fəaliyyətini təmin edir. Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: “Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.

Bəli, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır və dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük!" şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Əslində hər zaman Cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi.

Hətta sentyabrın 27-də cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına baxmayaraq, dövlət başçısı BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında keçirilən görüş zamanı da bildirib ki, Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcək. Bu isə, bir daha dövlət başçısının xalqına, vətəndaşlarına qayğısının nümunəsidir.

Rob Sobhani: “Azərbaycan bir çox ölkələr üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir”

“Azərbaycan dünyada bir çox ölkə üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir”. Bunu "Caspian Group Holdings"in baş direktoru, amerikalı ekspert Rob Sobhani deyib. O bildirib ki, bu çox təhlükəli pandemiyanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər aktualdır və təqdirəlayiqdir. Amerikalı ekspert, sosial təcrid tədbirlərini, təhlükəsizlik üçün ictimai yerlərin bağlanmasını və insanları evdə qalmağa çağıran peşəkar şəkildə lentə alınan videoları xüsusi qeyd edib.

“Bu tədbirlər sayəsində Azərbaycanda koronavirusdan ölənlərin sayı ümumi əhalinin çox az bir faizini təşkil edir”, - deyə amerikalı ekspert vurğulayıb. R.Sobhani, həmçinin Azərbaycanda karantində olan əhaliyə maddi yardım göstərilməsini yüksək qiymətləndirib: “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik qərarı sayəsində vaxtı ilə ölkədə Dövlət Neft Fondu yaradılıb və Prezident İlham Əliyev bu fondun səmərəli işini təmin edib. Buna görə, bu gün xüsusi karantin rejimi zamanı aztəminatlı ailələrə maddi yardım göstərmək üçün kifayət qədər vəsait var”.

Dövlət başçısı bütün sahələrdə dünyaya örnək olan mövqe nümayiş etdirir

Bəli, bəşəriyyətin sınağa çəkildiyi belə bir məqamda xəbər hər şeydən qiymətli olur. Hər bir kəs məlumatları izləyir və hansı dövlətin daha düzgün qərar verdiyini, daha səlis addım atdığını özlüyündə aydınlaşdırmağa cəhd edir. Bu baxımdan Prezident İlham Əliyevin qətiyyətli və operativ olması, kreativ lider kimi ən mürəkkəb hadisələri yüksək peşəkarlıqla idarə etməsi, qarşısına çıxan maneələri sürətlə keçməsi, düzgün qərarlar verməsi və bütün ölkənin aqibəti ilə yanaşı, hər bir vətəndaşın da qayğılarını eyni həssaslıqla düşünməsi onun nüfuzunu dünya miqyasında artırır. Dövlət başçısının mübarizliyi və müdrik lider keyfiyyətləri yüz minlərlə insanın rəğbətinə səbəb olur.

Dövlət başçısının uzaqgörən və çevik siyasəti nəticəsində yoluxma zənciri qırılmış, müsbət dinamika əldə edilmişdir. Operativ qərarlar, sosial məsələlərin həllinin önə çəkilməsi Azərbaycanda milli həmrəyliyi misli görünməmiş ucalıqlara qaldırmış, xalq-iqtidar birliyinin möhtəşəm gücə çevrildiyini sübut etmişdir. Bu prosesdə də dövlət bütün yükü üzərinə çəkib. Vətəndaşlardan isə bircə tələb var – karantin qaydalarına əməl etmək! Çünki Azərbaycanda koronovirusla mübarizə modeli həm də özünü daha da təkmilləşdirmək gücündədir...

RƏFİQƏ HÜSEYNOVA