Azərbaycan məktəbliləri Dünya çempionatından medallarla qayıdıblar

12 May 2011 19:06 (UTC+04:00)

Azərbaycanın şahmat üzrə məktəblilərdən ibarət yığma komandası 29 aprel–9 may tarixlərində Polşanın Krakov şəhərində keçirilən Məktəblilərin şahmat üzrə VII Dünya çempionatında iştirak edib. SİA-nın xəbərinə görə, çempionatda 36 ölkədən 6 yaş qrupu üzrə 420 şahmatçı mübarizə aparıb. 24 şahmatçı ilə təmsil olunan komandamızın üzvlərindən Ucar Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova və Sumqayıt Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Fərid Aslanov qızıl, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri İzzət Kənan və Oğuz Abışlı gümüş, Aqil Piriverdiyev isə bürünc medal qazanıblar.

Digər şahmatçılarımız- Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Cavidan Babazadə IV, Murad Rzayev VI, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Ülvü Sadıxov, Vüqar Əsədli və Fateh İmanov VI, Zaqatala Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Xədicə Xəlilova isə VII yerə layiq görülüblər.

Komandamızın rəhbəri, beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov və Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov yarışda hakim kimi təmsil olunublar.