Baltikyanı ölkələrdə yaşayan azərbaycanlılar Latviya XİN-nə bəyanat ünvanlayıblar

29 Sentyabr 2020 04:50 (UTC+04:00)

Baltikyanı ölkələrdə yaşayan azərbaycanlılar Latviya Xarici İşlər Nazirliyinə (XİN) bəyanat ünvanlayıblar.

SİA xəbər verir ki, bəyanatda deyilir: “Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş növbəti təxribatdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, 2020-ci ilin iyulunda - bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınmasına dair tutarlı faktlardır.

İndi isə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.

Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır. Livan, Suriya kimi ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, təşkilatın Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən qəti şəkildə pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır.

Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan dövlətinə işğalçı siyasətini dayandırması və Azərbaycan ərazilərini dərhal boşaltması, beynəlxalq hüquq və normalara riayət etməsi üçün ona təsir göstərməyə çağırırıq”.