Leyla Abdullayeva: “Kipr XİN-in bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir”

28 Sentyabr 2020 22:49 (UTC+04:00)

Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva cəbhə bölgəsində yaşanan gərginliklə bağlı Kipr XİN-in bəyanatına münasibət bildirib.

SİA Xarici İşlər Nazirliyinə istinadən məlumat verir ki, L.Abdullayeva bununla bağlı bildirib: "Kipr Respublikasının Xarici İşlər Nazirliyinin bu ilin 27 sentyabr tarixindən etibarən cəbhə bölgəsində yaşanan gərginliklə bağlı yaydığı bəyanat birtərəfli xarakter daşıyır və qərəzlidir".

L.Abdullayeva qeyd edib ki, Kipr XİN-ə Azərbaycan Silahlı Qüvvələri öz beynəlxalq tanınmış ərazilərində mülki əhalisini müdafiə etmək üçün mübarizə apardığını xatıtladırıq: "Ermənistan silahlı qüvvələri isə 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərində qeyri-qanuni mövcudluğunu saxlayır. Odur ki, Azərbaycana qarşı hər hansı əsassız ittihamlar irəli sürmədən öncə beynəlxalq sənədlər və onların tələbləri ilə tanış olmaq vacibdir".