Deputat dünya ictimaiyyətinə müraciət edib

28 Sentyabr 2020 17:49 (UTC+04:00)

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclsin 27 sentyabrda keçirilən növbədənkənar iclasında çıxış edərək, Ermənistan Respublikası silahlı qüvvələrinin sentyabrın 27-də bir neçə istiqamətdən respublikamızın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmasından danışıb. SİA-nın verdiyi məlumata görə, millət vəkili bunu, bütün beynəlxalq hüquq normalarının yenidən və çox kobud şəkildə pozulması kimi qiymətləndirib.

Özünün də qoşulduğu beynəlxalq hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyası müddəalarını heçə sayan işğalçının cavabsız qalmadığını deyən Qənirə Paşayeva, müzəffər ordumuzun əks-həmlə ilə xalqımıza qürur yaşatdığını qeyd edib, ulu Tanrıdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir ordusu olduğunu vurğulayan xanım Paşayeva, dövlət-xalq, ordu-xalq birliyinin qarşısında heç bir qüvvənin duruş gətirə bilməyəcəyini və xalqımızın öz Ali Baş Komandanına yüksək etimadının öncəbhədəki qələbələrdə həlledici amil olduğunu deyib. Dünya azərbaycanlılarına müraciət edən Komitə sədri, onları, ölkəmizin haqlı mövqeyini, düşmənin növbəti avantürist hücum cəhdlərinin doğurduğu yeni situasiyanı yaxından izləməyə, xalqımıza, doğma vətənə həmrəylik nümayiş etdirməyə çağırıb.

Beynəlxalq təşkilatlara da səslənən Qənirə Paşayeva, onları işğalçıya “Dur!” deməyə, qarşı tərəfi ədalətli sülhün alternativi olmadığına inandırmağa çağırıb.