Bəhruz Quliyev: “Bizim mübarizəmiz ədalətlidir, mütləq qələbəyə doğru istiqamətlənib” ŞƏRH

28 Sentyabr 2020 17:33 (UTC+04:00)

“Məlum olduğu kimi, sentyabrın 27-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub”. SİA xəbər verir ki, bu barədə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı həyata keçirməkdədir. Ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin gücündən və qüdrətindən xəbər verir.

“Azərbaycan Ordusu zəfər yürüşünü uğurla davam etdirir və düşmənə layiq olduğu ən sərt cavabı verir, həmçinin əks-hücum əməliyyatlarının bütün cəbhəboyu ərazilərdə aparılması, ən müasir hərbi texnikalarımızın, müxtəlif hərbi komplekslərimizin peşəkar istifadəsi və s. reallıqlar da belə nəticəyə gəlməyə zəmin yaradır ki, işğalçılar qısa müddətdə torpaqlarımızdan çıxarılacaqlar”, deyən baş redaktora görə, məhz bu uğurlu əməliyyatların nəticəsidir ki, Silahlı Qüvvələrimiz cəmi bir gün ərzində bir neçə kəndlərimizi, habelə strateji yüksəkliklərimizi düşmən tapdağından azad etdi, hazırda da əks-hücum əməliyyatları davam edir: “Düşünürəm ki, hər bir azərbaycanlı, hər bir Azərbaycansevər hər saatda, hər anda o xoş xəbərləri eşitmək istəyindədir və əminəm ki, eşidəcək də. Əbəs deyil ki, cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətində xüsusilə vurğuladı ki, Azərbaycan Ordusu torpaqların işğaldan tam azad olunmasına qədər döyüşəcək, qələbə əldə olunacaq. Bu gün cəbhədə döyüşən igid əsgərlərimizdə də, zabit heyətində də, sadə vətəndaşlarımızda da – hər kəsdə elə bir nəhəng ruh yüksəkliyi yaranıb ki, onun qarşısında heç bir yağı düşmən dayanmaq iqtidarında deyil. Düşmən silahını, texnikasını, hərbi təchizatlarını atıb qaçır və qaçacağı yer də əlbəttə ki, İrəvandır.

Yeri gəlmişkən, artıq Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarının birində bəyan edib ki, ermənilər çıxış yolu tapa bilmədiklərini görsələr dərhal Ermənistanın ərazisinə keçsinlər. Bu, düşmənin birdəfəlik məğlubiyyətinin ilk anonsudur”.

Siyasi ekspert hesab edir ki, ölkəmizdə hərbi vəiyyətin elan olunmasından tutmuş, komendant saatının tətbiqinə, habelə sosial şəbəkələrin istifadəsində qoyulan məhdudiyyətlərə qədər verilən hər bir qərar qələbəyə köklənmiş mühüm addımdır: “Çünki müharibə şəraitində düşmən yalnız cəbhədə deyil, həm də sosial şəbəkələrdə, mediada da işini aparır. Əbəs deyil ki, bu gün dünyanın hərbi – siyasi leksikonunda “informasiya müharibəsi” adlandırılan amil də mövcuddur. Məhz bu vasitə ilə düşmən çalışır ki, sosial şəbəkələrdə, sayt və portallarda qarşı tərəfə yalan məlumatlar ötürsün, eləcə də xalq və ordu arasında ruh düşkünlüyü yaratsın. Amma gördüyümüz kimi, düşmən bu cəbhədə də uduzur və uduzması faktdır. Ona görə də fürsətdən istifadə edərək həm də bir media adamı, jurnalist kimi həmkarlarımızdan maksimum şəkildə rəsmi məlumatlarımıza istinad etməyi, informasiyaları bu istiqamətdə işıqlandırmağı, vətəndaşlarımızdan yalan məlumatlara inanmamağı xahiş edirəm. Bizim mübarizəmiz ədalətlidir, mütləq qələbəyə doğru istiqamətlənib. Biz, Azərbaycan xalqı olaraq bu qələbəni haqq edirik və onu birlikdə bayram edəcəyik”.

Rövşən RƏSULOV