Qarabağın azad edilməsi üçün bir yol qalmışdı - ANALİZ

28 Sentyabr 2020 17:41 (UTC+04:00)

Azərbaycan Prezidenti: "Mən Ermənistana dəfələrlə xəbərdarlıq etmişdim, amma görünür ki, bu, onlar üçün dərs olmadı…"

Ermənistanın növbəti təxribatları və Azərbaycanın yaşayış məntəqələrini bombardman edərək mülki şəxslərin həlakına səbəb olmasından sonra Azərbaycan Ordusu əks-əməliyyatlara başladı və bütün cəbhə boyu Ermənistan Ordusunun bölmələrinə, eyni zamanda Qarabağdakı terrorçu rejimin silahlı dəstələrinə sarsıdıcı zərbələr vurdu. Nəticədə, döyüşlərin ilk gündə Ermənistan tərəfindən işğal edilmiş 7 yaşayış məntəqəsi azad edildi, düşmənin hücumunun qarşısı alındı. Hazırda ordumuz anti-terror əməliyyatlarını davam etdririr.

Ermənistan həm siyasi, həm də hərbi cəhətdən dalana dirəndi

Ermənsitanın qaldırdığı beynəlxalq hay-küyə və Paşinyanın dünya fövqəldövlətlərinin, həmçinin beynəlxalq təşkilatlrın rəhbərlərinə yalvarışlarına baxmayaraq Yerevan heç bir dəstək ala bilmədi. Həm beynəlxalq təşkilatlar, həm də iri dövlətlərin rəhbərləri sadəcə, müharibəni dayandırmağa çağırış etməklə kifayətləndilər ki, bu adi diplomatik normadır.

Beləliklə, siyasi dəstəkdən məhrum olmuş Ermənistan özündən dəfələrlə üstün olan hərbi güc qarşısında təklənib. Paşinyanın Ermənstan parlamentində qorxmuş deputatlar qarşısında həyəcanlı çıxışında sülh danışıqlarına gedilməsi üçün mesaj verməsi də göstərdi ki, artıq nə baş verdiyini anlayıblar. Lakin artıq danışıqlar üçün çox gecdir.

Azərbaycan bütün imkanlardan istifadə etdi ki, qan tökülməsin, sülh yolu ilə həll edilsin. Lakin Ermənistan bütün danışıqları dalana dirədi və problemin həllində başqa yol qoymadı. Əlbəttə, sülhsevər siyasəti ilə tanınan Azərbaycan qan tökülməməsi üçün sülh danışıqlarına yenə də gedə bilərdi, yalnız bir şərtlə ki, Ermənistan öz qoşunlarını işğal etdiyi bütün torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarsın.

Prezident İlham Əliyev : "Biz öz torpağımızda vuruşuruq"

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bu məsələləri dəqiqliklə ifadə edib: "Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır.

BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar da bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır".

Azərbaycan dünyada nüfuz sahibi kimi tanınıb

Xarici siyasətində iki və çoxtərəfli səviyyələrdə münasibətlərin qurulmasına xüsusi önəm verən dövlətimizin düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb.

Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilib. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyimizi daha da möhkəmləndirib.

Ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi də təsadüfi deyildi. Ölkəmizin beynəlxaql əməkdaşlıq üçün müzakirələr platformasına, mədəniyyətlərin dialoqu məkanına, beynəlxalq iqtisadi və nəqliyyat qovşağına çevrilməsi, həmçinin, sülhpərvər siyasət yürütməsi dünyada Azərbaycanın nüfuzunu xeyli artırıb.
Regional və beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması qarşımızda duran əsas məsələ idi.

Bu gün artıq Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu istiqamətdə yeganə həll variantı kimi qalan yola start verilib. Problemi həll etmək üçün siyasətçilər, diplomatlar 30 il çalışdılar. Lakin Ermənistan buna imkan vermədi. İndi problemi Ordu həll edir…

Sülh danışıqlarını kim və necə iflasa uğratdı?

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub. Keçirilən hər bir görüşdə cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirirdi. Rəsmi Bakı qarşı tərəfdən qeyri-konstruktiv mövqeyindən əl çəkməyi, düzgün mövqe nümayiş etdirməyi tələb edirdi.
ATƏT-in Minsk Qrupunun mövsud olduğu müddət ərzində konkret nəticəyə nail ola bilməməsində kim günahlardır? 25 ildən çoxdur ki bu təşkilat danışıqları uzatmaqla, rəsmi Bakı masada Yerevanı divara qısnayıb, yekun sənədi imzalatmaq üçün ATƏT-ə üz tutduğu həlledici anda isə həmsədrlər "tərəflər öz aralarında razılaşsın, biz dəstəkləyərik" deməklə Ermənistanın işğalına göz yumdular.

Azərbaycan Prezidenti bunu dəfələrlə ifadə edib: "Bu gün dünyada açıq-aydın dərk edilir ki, dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə bu işlərdə fəal iştirak edəcəkdir. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq”.

Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməli idi. Lakin onlar bu sözlərin adi formal çıxış olduğunu düşündülər və lazımınca qiymətləndirə bilmədilər. Nəticədə bu gün deyilənlər əyani surətdə nümayiş etdirildi. Bütün dünya Azərbaycanın və onun rəhbərinin sarsızlmaz iradəsini və qətiyyətini gördü.

Sülh yolu baş tutmayanda yeganə yol qalırdı

Ərazisi işğal olunmuş, vətəndaşları soyqırıma və deportasiyaya məruz qalmış hər hansı bir ölkənin problemi sülh yolu ilə həlli mümkün olmayanda, əl atdığı başqa tədbirlər də var. Bu antiterror əməliyyatı, başqa sözlə, hərbi yoldur.

Əlbəttə, burada siyasi faktorları da nəzərə almaq lazımdır. Bu da dünyanın güclü dövlətlərinin və beynəlxalq təşklatların mövqeyidir. Onlar da artıq Ermənistanı müdafiə etmir, Azərbaycana güzəştə getməsi üçün ciddi təzyiq göstərmirlər. Əksinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini indi daha çox dövlət dəstəkləyir. Bu isə aparılmış xarici siyasətin mükəmməlliyini ortaya qoyur.

Gec ya tez ədalət öz yerini tapmalı idi. Azərbaycan Prezidenti bunun qansız baş verməsi üçün çox çalışdı, lakin Ermənistan buna əngəl oldu. Bununla da, danışıqlar vasitəsilə əldə edəcəyi dividentləri də itirdi.
Azərbaycan sülh prosesinin artıq tükəndiyini gördükdə və hərbi yolla həllə üstünlük verdikdə belə, yenə də beynəlxalq hüquq normalarını pozmur. Bu hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Çünki BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir.

Bu günkü azadetmə əməliyyatının arxasında görülmüş çox nəhəng işlər dayanır, həm siyasi, həm iqtisadi, həm də ordu quruculuğunda. Bütün bu şərtlər təmin edildikdən sonra işğal edilmiş ərazilərimizin azad olunmasına başlandı və bu proses davam edir. Qısa vaxtda da müvəffəqiyyətlə başa catacağına nə bizdə, nə ermənilərdə, nə də dünya ictimaiyyətində şübhə yoxdur.

Qan tökülməsini istəməyən Azərbaycan Prezidenti Ermənistanın başqa yol qoymadığını təəəsüflə bəyan etdi: "Mən Ermənistana dəfələrlə xəbərdarlıq etmişdim. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir".

Bəli cənab Prezident haqlıdır. Xoşluqla başa düşməyən düşməni zorla başa salmaqdan başqa yol yox idi. Əgər işğalçını Xarici İşlər Nazirliyi başa sala bilmədisə, Müdafiə Nazirliyi başa salmalıdır. Bu işi də Azərbaycan Ordusu öz üzərinə götürdü. İndi bütün dünya qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu görür.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.