AXCP və Müsavatdan başqa... TƏRS BAXIŞ

28 Sentyabr 2020 16:40 (UTC+04:00)

Azərbaycanın siyasi müxalifəti dövlətin müdafiəsinə hazırdır

Məlum olduğu kimi, Azərbaycanın bir sıra müxalif və iqtidaryönlü siyasi partiyaları birgə bəyanat yayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın erməni işğalından azad olunması üçün əmrə hazır olduqlarını vurğulayıblar. Lakin bu xüsusda daha bir qürurverici məqam qardaş Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların (PKK mənşəli HDP istisna olmaqla) Azərbaycanın apardığı Vətən müharibəsinə birmənalı dəstəkləridir. Söz yox ki, bu məsələdə qardaş Türkiyənin göstərdiyi dəstək də sübut edir ki, "İki dövlət bir millət" şüarı altında birləşən qardaşlarımızın sevinci sevincimiz, kədəri isə kədərimizdir. Söz yox ki, müharibə itkisiz olmur və bu gün torpaqlarımızın azadlığı uğrunda şücaətlə, qəhrəmancasına döyüşərək canlarını qurban verən əsgərlərimizə "ŞƏHİDİMİZ" deyə müraciət edən türk qardaşlarımız həmin yanaşmaları ilə azərbaycanlı qardaşlarının ürəklərində taxt qururlar. Bu baxımdan, qardaş ölkədəki siyasi partiyaların Azərbaycanın haqq işinə dəstək göstərmələri barədə bəyanatlar yaymaları bizlərin qələbəyə doğru atılan addımlarımızı sürətləndirir.

Əli Kərimli-Cəmil Həsənli cütlüyü və onların "Milli Şura"dakı çete üzvləri, həmçinin Müsavat başqanı Arif Hacılı...

Ancaq bir nüansı da xatırlatmaq yerinə düşərdi. Nədənsə, uzun illərdir bu ölkənin çörəyini yeyib, suyunu içən və adlarını "milli müxalifət düşərgəsi" qoyaraq küçə siyasəti yürüdənlər – AXCP, Müsavat kimi partiyalar, "Milli Şura" tipli qərb nökərləri Azərbaycanda birgə bəyanat yaymış siyasi partiyaların həmin bəyanatına dəstək göstərməyiblər. Yalnız sosial şəbəkələrdə alayarımçıq statusları ilə vətənsevər deyil, əslində, vətənşivən olduqlarını etiraf edən Əli Kərimli-Cəmil Həsənli cütlüyü və onların "Milli Şura"dakı çete üzvləri, həmçinin Müsavat başqanı Arif Hacılı, görünür, ölkədəki siyasi partiyaların bəyanatlarına qoşulmamaları tapşırıqlarını ermənipərəst ağalarından alıblar. Çünki belə olmasa idi, ən azından adları həmin siyahıda yer alardı.

Tofiq Yaqubluya görə üz-gözlərini cırmaqlayan, haray-şivən qaldıran, onun Qarabağ qazisi olduğunu önə sürən bu ünsürlər indi Qarabağ məsələsində nəyə görə yaxalarını kənara çəkdilər?

Amma göründüyü kimi, hətta hakimiyyətə qarşı müəyyən mənada radikal olan KXCP, Ümid, REAL, VİP və s. kimi siyasi müxalifət partiyaları bütün umu-küsüləri birə kənara qoymaqla dövlətçiliyimizin qorunması və müdafiəsi istiqamətində bəyanata imza atsalar da, özlərini "ana" və s. müxalifət adlandıran AXCP və Müsavat bu dəfə də xalqın, dövlətin maraqlarına xidmət etmədiklərini bu addımları ilə sübuta yetirmiş oldular. Buna isə bir ad vermək olar – XƏYANƏT! Bir müddət əvvəl bəlli cinayətinə görə həbs cəzası alan, ardınca aclıq aksiyası keçirən Tofiq Yaqubluya görə üz-gözlərini cırmaqlayan, haray-şivən qaldıran, onun Qarabağ qazisi olduğunu önə sürən bu ünsürlər indi Qarabağ məsələsində nəyə görə yaxalarını kənara çəkdilər? Görəsən, sosial şəbəkələrdə dilə-boğaza qoyman bu siyasi dəllalların hələ də danışmağa, tələb irəli sürməyə üzləri haradan gəlir? Axı ən azından insanda abır-həya da deyilən bir amil mövcuddur...

Rövşən NURƏDDİNOĞLU