Bəs harada qaldı Paşinyanın “hərbi ritorikası?” ANALİTİK

28 Sentyabr 2020 14:25 (UTC+04:00)

Erməni baş nazir Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycanındır!” kəlamını qəbul etmək məcburiyyətində qalıb

Artıq işğalçı Ermənistanın növbəti təxribatçılıq əməllərindən sonra Azərbaycan Ordusunun cəbhə xətti boyunca endirdiyi sarsıdıcı zərbələrdən canını qurtarmaqdan başqa çıxış yolu qalmayıb. Ölkənin hakim rejiminin başçısı Nikol Paşinyanın demək olar ki, aparıcı ölkələrin hər birinin rəhbərliklərinə açdığı telefon zəngləri, eyni zamanda, beynəlxalq təşkilatlara müraciətləri nəticə etibarı ilə rəsmi və formal “Tərəfləri atəşkəsə səsləyirik” tipli bəyanatlarla müşahidə olunur. Lakin bu bəyanatların söz yox ki, Azərbaycan dövlətinə heç bir aidiyyatı yoxdur. Çünki fakt həm də ondadır ki, 30 ildir işğal altında qalan torpaqlarımızın sülh danışıqları yolu ilə azad olunması üçün dövlətimizin beynəlxalq təşkilatlar qarşısında qaldırdığı tələblərə ciddi əhəmiyyət verən olmadı. Nəticədə bu gün həmin beynəlxalq təşkilatların, xüsusilə zaman-zaman ermənipərəst mövqeyində olan, o cümlədən, ikili standartlarla vaxt udan beynəlxalq təşkilatların “atəşi dərhal dayandırın” çağırışlarının ədalətli və haqq mübarizəsinə başlayan Vətən müharibəsi aparan Azərbaycana heç bir aidiyyatı yoxdur.

Ali Baş Komandan: "Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik"

Qeyd etmək yerinə düşərdi ki, cənab Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində də bu faktora toxunaraq bəyan edib ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik və heç kimin torpağına göz dikməmişik. SİTAT: “Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik".

"Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun"

Beləliklə, hələ bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın “hərbi ritorikası” vasitəsi ilə Azərbaycana “xox” gəlməsi indi onun yalvarışları ilə əvəzlənib. Çünki yaxşı bilir ki, ordusu məğlub olmaqla yanaşı, həm də özünün siyasi ömrü tükənir. Halbuki dövlətimizin başçısı Təhlükəsizlik Şurasının iclasındakı öz çıxışı əsnasında da xatırladıb ki, vaxtilə o xəbərdarlıq edib və erməni tərəfi bu xəbərdarlıqları qulaqardına vurublar. SİTAT: “Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar.

"Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir. Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun".

Məhz bu xüsusdan təhlilimizi apararsaq həm də belə bir nəticəyə gələ bilərik ki, işğalçı Ermənistan ordusunun ağır məğlubiyyətə düçar olmasının, dövlətin isə tamamilə idarəçilik qabiliyyətinin itməsinin bütün məsuliyyəti həmin ölkənin hərbi-siyasi hakimiyyətinin üzərindədir. Beləliklə, irəliləyən hər saat, hər dəqiqə qələbəmizə daha da yaxınlaşdırır!

Rövşən RƏSULOV