Erməni təcavüzü nəticəsində bütöv bir ailə həlak olub RƏSMİ - FOTO

28 Sentyabr 2020 14:00 (UTC+04:00)

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata əsasən, təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir.

2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını kobudcasına pozur.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.