Ermənistan Azərbaycan qarşısında aciz qaldığını rəsmi şəkildə etiraf edir - FAKT

12 May 2011 04:15 (UTC+04:00)
20 ildən artıqdır ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz siyasətinin nəticəsində ölkəmizin torpaqlarından 20 faizindən çoxu altına düşüb. 17 il öncə atəşkəs haqqında razılıq əldə olunsa da ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları hələ də səmərə verməyib. Lakin Azərbaycanın yürütdüyü düşünülmüş uğurlu xarici və daxili siyasət, sürətli sosial-iqtisadi inkişaf, həmçinin, siyasi sabitlik onu Cənubi Qafqaz regionunda qüdrətli dövlətə çevirib, respublikanın beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə təsir edib. Bu gün Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti milli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpasından ibarətdir. Məhz bu istiqamətdə aparılan ideoloji, diplomatik mübarizə və bu sahədə əldə olunan nəticələr ölkəmizin uğur qazandığını deməyə əsas verir. Belə ki, dövlətin sözügedən istiqamətdə fəaliyyətinin əsas prinsiplərini Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət çərçivəsində həll edilməsi təşkil edir. Azərbaycanın əldə etdiyi uğurlar fonunda Ermənistanın çökməsini müqayisə etməyə belə ehtiyac yoxdur. Artıq məlumdur ki, quldur Sarkisyanın hakimiyyəti ölkənin bütün, istər iqtisadi, sosial, hərbi, istər siyasi sferalarda üzləşdiyi böhranlı vəziyyəti gizlətmək üçün "dövlət və xalqın mənafeyi naminə vətənpərvər şüarlar irəli sürmək", "Böyük Ermənistan" yaratmaq, qondarma erməni soyqırımını qəbul etdirmək və qonşu ölkələrə qarşı torpaq iddiaları qaldırmaq yolu ilə ictimai fikiri manipulyasiya etmək istəyi də puça çıxıb. Ermənistanın xarici siyasət sferasında özünü təzahürü olduqca zəifdir və həqiqət tərəfdarı olmadığına görə məğlubiyyəti də qaçılmazdır. Ermənistanın uğursuz xarici siyasətinin səriştəsizliyini erməni ictimaiyyəti, rəsmiləri də kifayət qədər anlayır və qəbul edir. Yəni, rəsmi İrəvan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe sərgiləməklə uzatdığı zamanın onun lehinə deyil, əleyhinə çalışdığının artıq fərqinə varıb. Bunu son günlərdə Ermənistan müdafiə naziri Seyran Ohanyanın "Ermənistanın ən başlıca məsələsi – Azərbaycanla informasiya müharibəsində mənəvi və mədəni cəbhədə uduzmamaqdır" fikrini irəli sürməsi də təsdiq edir. Məlumat üçün xatırladaq ki, mayın 4-də Ermənistanın müdafiə naziri S.Ohanyan "Tarix və mədəniyyət: saxtakarlığa və qəsbkarlığa qarşı" elmi konfransında çıxışı zamanı bir daha öz dili ilə Azərbaycana qarşı alternativ mübarizə metodu, informasiya müharibəsi yütürdüyünü açıq şəkildə etiraf edərək lazımi əks-zərbələr üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu vurğulayıb. Əlbəttə, bu çıxış Prezident İlham Əliyevin real faktlara əsaslanan tarixi həqiqətləri açıqlaması və Azərbaycan torpalarında ikinci erməni dövlətinin yaradılmasının, zəngin milli irsin mənimsənilməsinin mümkünsüzlüyünü bəyan etməsinin ardından təkzib görüntüsü yaratmalı idi. Lakin aydın görünən odur ki, Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur. Əslində erməni müdafiə nazirinin çıxışı Azərbaycan dövlət başçısının Ermənistanın informasiya müharibəsinə qarşı hücum mövqeyinin nəticəsi kimi dəyərləndirilə bilər.