Dünyada münaqişələrin beynəlxalq təşkilatlar çərçivəsində həlli imkanları tükənir - ŞƏRH ÖZƏL

26 Sentyabr 2020 11:54 (UTC+04:00)

"Rusiyanın beş işğal olunmuş rayonumuzu qaytarmaqla bağlı təklifinin olub-olmaması sual altındadır və geniş müzakirəyə səbəb olub. Çünki Azərbaycan parlamentinin nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı yayılan rəsmi məlumatda bu məsələ öz əksini tapsa da, Rusiya XİN sözçüsü Zaxarova bunu təsdiq etməkdən imtina edərək, onun üzərindən sükutla keçməyə üstünlük verib, yalnız Rusiya diplomatiya orqanının rəsmi məlumatını əsas etibarlı mənbə kimi qəbul etməyi tövsiyə edib". Bunu SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, ola bilsin ki, Rusiya XİN rəhbəri həmin sözləri deməklə regionda əsas söz sahiblərinin özləri olduğunu bir daha göstərməyə çalışıb: "Lakin hər bir halda RF XİN rəsmi təkzibi varsa, onu əsas götürməliyik. Moskva ancaq rəsmi şəkildə dediyi fikirlərə görə məsuliyyət daşıyır. Rusiya özünün zəngin diplomatik ənənələri, deməli, həm də manipulyasiya təcrübəsi olan ölkədir. Ola bilər ki, bu sözləri dezinformasiya xatirinə ortaya ataraq, Azərbaycan cəmiyyətinin və siyasi rəhbərliyin marağını, münasibətini öyrənməyə çalışır. Bununla belə, indiyədək dəfələrlə Rusiyanın 5 rayonun qaytarılması və münaqişə bölgəsində sülhməramlı qüvvələrin yerləşdirilməsi gündəmə gəlib və bu, yeni deyil".

Politoloq bildirib ki, Ermənistan sülhə getmək istəmir, həmsədrlər işğalçını sülhə məcbur etmək istəmir, Azərbaycan isə təbii ki, öz halal torpaqlarından imtina etməyəcək: "Belə olan halda münaqişənin sülh yolu ilə həll vasitəsi tükənmiş hesab olunur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də münaqişənin Minsk qrupu çərçivəsində həllinin artıq mümkünsüz olduğunu açıq şəkildə bildirib. Ümumiyyətlə, müasir dünyada artıq münaqişələrin beynəlxalq təşkilatlar çərçivəsində həlli imkanları getdikcə tükənməkdədir. Soyuq müharibə dövründəki güc balansının təzahürü olan beynəlxalq və regional təşkilatlar, o cümlədən ATƏT və onun Minsk qrupu problemi həll etmək iqtidarında deyil. Beynəlxalq təşkilatlar elə onu təsis edən böyük dövlətlərin özlərinin maraqlarının əsirinə çevrilib".

N.Məmmədova vurğulayıb ki, Minsk qrupunun həmsədrləri dünya siyasətində ən fərqli maraqları olan, öz aralarında ziddiyyətlər yaşayan dövlətlərdir: "Onların həmrəy olub münaqişəni həll edəcəyi əsla mümkün deyil. Bütün bu illərdə Minsk qrupu kövrək atəşkəs və Ermənistan işğalının nəticələrinin möhkəmlənməsinə xidmət etməkdən başqa heç bir işə yaramayıb. Bundan sonra da Minsk qrupu problemi həll etməyəcək. Bunu yalnız Azərbaycan etibarlı tərəfdaş və müttəfiq ölkələrlə, məsələn Türkiyə ilə birgə həll edə bilər. Digər irəliləyiş isə Rusiyanın başçılıq etdiyi hərbi-siyasi ittifaqlara, məsələn, KTMT, Avrasiya İqtisadi Birliyinə daxil olmağı qəbul etməklə, Rusiyanın yardımı ilə torpaqların bir hissəsini qaytarmaq mümkün ola bilər. Lakin bu, Azərbaycanın Qərb ilə yollarının birdəfəlik ayrılması, Türkiyə ilə ixtilaf və suverenliyimizin məhdudlaşdırılmasına gətirib çıxara bilər".