Nigeriyada qubernator karvanına edilən silahlı hücum nəticəsində 15 nəfər öldürülüb

26 Sentyabr 2020 03:54 (UTC+04:00)

Nigeriyanın şimal-şərqində İŞİD terror qruplaşmasına bağlı qüvvələr tərəfindən qubernator karvanına edilən silahlı hücum nəticəsində 15 təhlükəsizlik əməkdaşı öldürülüb.

SİA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, birində Borno ştatının qubernatoru Babaqana Umara Zulumun olduğu avtomobil karvanına edilən hücumda səkkiz polis əməkdaşı, üç əsgər və hökumət tərəfindən dəstəklənən dörd üsyançı öldürülüb. Hücum Çad gölü sahilindəki Baqa şəhəri yaxınlığında baş verib.

Avtomobil karvanı Xüsusi Təyinatlı Çoxmillətli Birləşmiş Qüvvələrin qərargahının yaxınlığından keçərkən terrorçular pulemyotlardan və qumbaraatanlardan atəş açıblar. Məlumata görə, hücum zamanı qubernator yaralanmayıb.