Prezident İlham Əliyev: Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır

25 Sentyabr 2020 00:11 (UTC+04:00)

Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.

SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında bildirib.

Prezident deyib ki, Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır Ermənistanın işğalı altındadır. Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulub. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb.

1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib ki, onun nəticəsində Xocalının 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilib. Ondan artıq ölkə Xocalı soyqırımını tanıyıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.