“Balaxanı kəndinin yeni dövrü başlayır" - ŞƏRH

24 Sentyabr 2020 18:08 (UTC+04:00)

Prezident İlham Əliyev: “İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik”

Bu gün hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Ötən 17 il ərzində Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Bu inkişaf göstəriciləri insanlarda qəti bir əminlik formalaşdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və zəfərlərə imza atacaq. Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Bu gün Azərbaycan nümunəvi inkişaf modelinə malik olan ölkəyə çevrilib.

BAKI ŞƏHƏRİ ABADLAŞIR, QURULUR, İNFRASTRUKTUR LAYİHƏLƏRİ İCRA EDİLİR

Belə bir inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bakı şəhəri abadlaşır, qurulur, burada infrastruktur layihələri icra edilir. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının bütün rayonlarında, o cümlədən, qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilib, yeni məktəblər, xəstəxanalar, poliklinikalar tikilib, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.

Prezident İlham Əliyev, mütəmadi olaraq, Bakının rayonlarında və qəsəbələrində olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Burada görülən işlər qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbənin simasının dəyişdirilməsi, yaşıllıqların genişləndirilməsi istiqamətində atılan addımlar sakinlərinin rahat yaşayışının təmin edilməsinə yönəlib. Əvvəlki illərdə şəhərin havasını çirkləndirən mənbələr artıq aradan götürülüb. Keçmiş Balaxanı zibilxanasının buraxırdığı tüstü nəticəsində havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü.

“Balaxanı kəndinin yeni dövrü başlayır" deyə sakinlərlə görüşündə bildirən Cənab Prezident Balaxanıya xüsusi diqqəti olduğunu bildirib: "Hələ bir neçə il bundan əvvəl məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də əlbəttə ki, bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi. O zibilxanadan qalxan tüstülər faktiki olaraq havanı böyük dərəcədə çirkləndirirdi və insanların sağlamlığı üçün də bunun böyük ziyanı olmuşdur. Mən bu yaxınlarda həmin o layihə ilə bağlı televiziyalara müsahibəmdə öz sözlərimi dedim, təkrar etmək istəmirəm, vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Burada sənaye parkı, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi də artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb”.

“Qum hamamı”, digər abidələr, XIV əsrdə inşa edilmiş abidələr, sovet vaxtında tikilmiş abidələr - onlar da bizim milli sərvətimizdir”

Balaxanı tarixi abidələri ilə də tanınıb. Burada yerləşən Şəhla məscidi Balaxanı qəsəbəsinin qəbiristanlınğında hündür bir təpənin üzərində tikilmiş XIV əsr memarlıq abidəsidir. Balaxanı qəbiristanlığında yerləşən Şakir ağa türbəsi 1427-1428-ci ildə tikilib və 1385-1386-cı ildə tikilən Hacı Şəhla məscidindən altı metr məsafədə yerləşir. Şakirağa türbəsi memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur. Torpağın altında tikilən Balaxanıda nadir hamamlardan sayılan Qum hamamını da böyükdən kiçiyə kimi hamı yaxşı tanıyır. “Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi”deyən dövlət başcısı bildirib ki, bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi: "O cümlədən “Qum hamamı”, digər abidələr, XIV əsrdə inşa edilmiş abidələr, sovet vaxtında tikilmiş abidələr - onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər. O cümlədən ovdan, hamam - bu, mədəniyyət deməkdir”.

“Bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik”

Qeyd edək ki, XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilməyə başlamışdır. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır. Quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərmişdir. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar. Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.

"Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzidir" - deyə vurgulayan Cənab Prezident dünyada neft hasilatının buradan buradan başladigini diqqətə catdırıb: "İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi - qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma indi orada park salınıb. Biz Avropa Oyunlarının bəzi yarışlarını orada keçirdik. İndi marafon oradan başlayır. Orada incəsənət və idman şəhərcikləri, ölkəmizin ən böyük Su İdmanı Sarayı, bulvar yaradılıb. İkinci mərhələdə isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”.

Əlbəttə ki,l ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə, bu, hər bir rayonun, qəsəbənin, bölgənin, həmçinin, insanların gündəlik həyatında özünü büruzə verir. “Hələ Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik” bildirən Cənab Prezident “Bax, budur, “qara qızıl” insan kapitalıdır” deyə burgulayıb: “İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik. Deyə bilərəm ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir”.

Nəzakət ƏLƏDDİNQIZI