“Tarixin yaddaşı unudulmur: Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunur”

24 Sentyabr 2020 17:20 (UTC+04:00)

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi (MSXƏEBM) Lənkəran, Lerik, Astara rayonlarının muzey müəssisələrində və Heydər Əliyev mərkəzlərində çalışan əməkdaşlar üçün Mədəniyyət Nazirliyinin 2020-ci ilin II yarımilinin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar "Tarixin yaddaşı unudulmur: Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunur" adlı növbəti regional onlayn seminar keçirilib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə 1941-45 ci illərdə baş vermiş Böyük Vətən müharibəsinə və qələbənin əldə olunmasında Azərbaycan xalqının igid oğul və qızlarının qəhrəmanlıqlarından, habelə Azərbaycanın mədəniyyət və elm xadimlərinin xidmətlərindən söhbət açılıb. Vurğulanıb ki, 1941-1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Azərbaycanın Bakı nefti ilə cəbhəyə köməyidir. Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. Akademik Y. Məmmədəliyev də öz kəşfi ilə Iikinci Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak ediblər. 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçib, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərib.

Qeyd edilib ki, azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində faşizmə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər və beləliklə, həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar.

Tədbir zamanı qeyd olunan faktlara aid maddi sübutların – müxtəlif vaxtlarda mərkəzin bərpaçı–rəssamları tərəfindən bərpa olunmuş nadir muzey əşyalarının bərpasını əks etdirən fotoşəkillərindən ibarət videoçarx nümayiş etdirilib.