Gənclər üçün yeni platforma!

24 Sentyabr 2020 15:10 (UTC+04:00)

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi , “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə “BoooLiqa” milli oyun platforması yaradılıb. 21 sentyabr tarixində start verdiyi ilk layihə ilə gənclərin diqqətini cəlb edə bilən platformaya 24 saat ərzində layihədə iştirakla bağlı 200-dən çox gənc müraciət edib. SİA-nın məlumatına görə, 21 sentyabrdan etibarən start götürən layihənin qeydiyyat mərhələsi 5 oktyabra kimi davam edəcək. Daha sonra müsahibə mərhələsi ilə seçilmiş 128 gənc növbəti tura keçid edəcək. Qrup mərhələləri, play-off və final mərhələsilə birlikdə layihənin 4 ay davam etməsi nəzərdə tutulur. Bu müddət ərzində iştirakçılar peşəkar heyət qarşısında çıxış edəcəklər. Sonda qalibləri müxtəlif hədiyyələr gözləyir.

Bu gün dünyada bir çox fərdi inkişaf yolları olsa da, tədqiqatçıların fikrincə ən effektiv yol oyun oynamaqdır. Oyun nəzəriyyəsi 25 əsr əvvəl insanların vaxt keçirmək üçün yaratdığı mexanizmdir. 20-ci əsrin ortalarında psixologiya, biologiya və ekologiya kimi bir çox elm sahəsi oyunları araşdırmağa başladı. Nəticədə məlum oldu ki, oyun oynamaq insana lazımi bacarıq və impulsları qazandırır, yetkin yaşa hazırlayır, analitik düşünmə və xəyal qurma qabiliyyətlərimizi inkişaf etdirir.

“BoooLiqa” milli oyun platforması isə oyunlar təşkil etməklə yanaşı gənclər üçün lazım olan baza məlumatlarını qeyri-ənənəvi üsulla özündə toplayır. Beləliklə, gənclər öz inkişaflarını izləyə və bundan zövq ala bilərlər. Platformanın ilk layihəsi olan “Virtual Natiqlik Çempionatı” da məhz bu yöndə gəncləri özünə cəlb etməyi bacardı.

İştirakçılarımız sertifikatla və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Qeydiyyat linki: http://bit.ly/boooliqaqeydiyyat

Milli oyun platforması yaxın zamanlarda yeni layihələri ilə öz fəaliyyətini davam etdirməyi planlayır.