"Azərbaycan artıq "Madrid prinsiplərindən" imtina etməlidir" ÖZƏL-MÖVQE

24 Sentyabr 2020 14:21 (UTC+04:00)

“Azərbaycan və Ermənistan arasında danışıqların yenidən başlanması istiqamətində intensiv müzakirələr gedir. Rusiya yenidən "Madrid prinsipləri" üzrə danışıqların başlanmasına çalışır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanla koordinasiyalı çalışır: “Verdiyi təkliflər, bütövlükdə, Ermənistan və Rusiyanın maraqlarına xidmət edir. İndiyə qədər müzakirə olunan mərhələli və paket həll variantları bütövlükdə bir neçə rayonun azadlığı müqabilində Qarabağın müstəqilliyini özündə ehtiva edir. Bu həll variantları "Madrid prinsipləri" üzrədir.

Bu illər ərzində aparılan danışıqlar bu istiqamətə olub, heç bir müsbət irəliləyişlər əldə edilməyib. Bunun səbəbi Ermənistanın Qarabağa müstəqillik tələbidir. Minsk qrupunun həmsədrləri də bu illər ərzində Azərbaycanı bu plana razı salmağa çalışıblar. Azərbaycan artıq "Madrid prinsiplərindən" imtina etməlidir. Danışıqları yalnız BMT qətnamələri əsasında aparılmasını tələb etməlidir. Əgər, bu kimi danışıqlar olmasa hərbi variantlara üstünlük verməlidir.

Hazırda tarixi şans və şərait var. Ermənistan danışıqlar masasında BMT qətnamələrini qəbul etmir, Azərbaycana qarşı növbəti torpaq işğalını planlayır. Ona görə də Azərbaycan Ermənistanın danışıqlar mesajına öz beynəlxalq hüquqa əsaslanan təkliflərini verməlidir. Təbii ki, Ermənistan bu təkliflərlə razılaşmayacaq. Qarabağ məsələsi Ankara Moskva gündəliyinə çıxacaq. Bu, labüddür. Müharibənin başlanması bu prosesi sürətləndirə bilər. Müharibə Azərbaycanın maraqlarına cavab verir”.