“İşğal ermənilərə baha başa gələcək” ÖZƏL-ŞƏRH

24 Sentyabr 2020 13:37 (UTC+04:00)

"Ermənistan Azərbaycanla başa gəlməyəcəyini anlayır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin sədri vurğulayıb ki, ermənilər torpaqlarımızı işğal edib, işğaldan da vaz keçmirlər, amma anlayırlar ki, bu işğal onlara baha başa gələcək, müharibə qaçılmazdır. “Ermənistanın resursları da yoxdur. Bunu bu günlərdə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da etiraf etdi. Robert Koçaryan erməni ekspertləri ilə görüşdə dedi ki, müharibə başlasa və bu, uzun çəksə resurs müharibəsinə gətirib çıxaracaq. Resurs müharibəsinə isə Ermənistan insan potensialı və iqtisadi, hərbi potensialla hazır deyil. Ona görə nə edirlər? Belə ki, hərbi mükəlləfiyyət haqqında qanuna guya dəyişiklik edib əlavə canlı qüvvə toplamağa çalışırlar. Açıq deyək ki, terrorçuları, muzdluları, ASALA terror təşkilatı, PKK kimi dünyada nə terror təşkilatı var Dağlıq Qarabağa yerləşdirməyə çalışırlar, təki həmin terrorçular, belə deyək, Azərbaycanla müharibədə uğur qazana bilsin. Bu isə mümkün deyil. Nə qədər terrorçu və muzdlu yığsalar da, onları Dağlıq Qarabağda, sərhəddə, Naxçıvan sərhədində yerləşdirmək çətin olacaq. Çünki daha çox onların əlavə qüvvəyə ehtiyacı var.
Azərbaycan ordusu güclüdür. Hərbi texnikamız inkişaf edib. İstənilən hərbi qüvvələrimiz var. Ona görə də, qarşımızda terrorçular olsa da, onlara öldürücü zərbələr endirə bilərik. Üstəlik, bu prosesdə bizimlə Türliyə də iştirak edir. Çünki əgər PKK terrorçuları Dağlıq Qarabağda yerləşibsə, bunu faktlar da göstərir, necə ki, PKK-çılara Türkiyə ordusu, Hərbi Hava Qüvvələri, pilotsuz uçuş aparatları İraq və Suriyada öldürücü zərbələr endirib, eyni ilə Dağlıq Qarabağdakı terrorçuları da eyni dərəcədə məhv edə bilərlər və buna tam haqları çatır. Ona görə də terrorçuları yığmaqla deyil. Yəni, Ermənistan bu işin altından çıxa bilməyəcək.
O ki qaldı beynəlxalq təşkilatlara, onlar da həmişəki kimi, ikiüzlü siyasət yürüdürlər. ASALA, PKK yığışır Dağlıq Qarabağa, onlar susurlar. Dağlıq Qarabağa köçürmə siyasəti həyata keçirilir, yenə də susurlar. Ermənislər dırnaqarası parlamentlərini Şuşaya köçürürlər, bu dəfə də susurlar. Yəni, bunlar nə olsa susacaqlar. Ona görə də qərarımızı biz özümüz verməliyik. Kim olur-olsun, qarşımızda onları neytrallaşdırıb, torpaqlarımızı azad etməliyik”, deyə Elxan Şahinoğlu bildirib.