Tərcümə Mərkəzi seçim turlarının növbəti mərhələsinə start verib

24 Sentyabr 2020 12:41 (UTC+04:00)

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə təşkil etdiyi seçim turlarının növbəti mərhələsinə start verib. Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış mütəxəssislərin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlərin bu ilin oktyabr ayının 15-dək mərkəzin info@aztc.gov.az ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi vacibdir.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin surəti və CV tələb olunur.

Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. Seçim turlarında iştirak ödənişlidir.