Türkiyə ərazisində İŞİD tərəfindən planlaşdırılan 152 terror aktının qarşısı alınıb

24 Sentyabr 2020 07:58 (UTC+04:00)

2020-ci ildə Türkiyə ərazisində İŞİD terror təşkilatı tərəfindən planlaşdırılan 152 terror aktının qarşısı alınıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Nazir qeyd edib ki, bu müddət ərzində terror təşkilatına aid 26.8 ton partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.

Ölkədə terrorla mübarizə haqqında danışan nazir deyib: “Bu il 162, son üç il ərzində isə 700-dən çox insan danışıqlar yolu ilə PKK terror təşkilatından ayrılıb. İnsanların oradan ayrılması terror təşkilatını psixoloji cəhətdən çökdürən, hərəkət və əlaqə qabiliyyətini daraldan çox vacib addımdır”.

Hazırda Türkiyə ərazisində təxminən 400-ə yaxın PKK terrorçusunun olduğunu deyən nazir ötən il xaricdən Türkiyə ərazisinə 200-dən çox, bu il isə 80-ə yaxın terrorçunun daxil olduğunu bildirib.

Türkiyə iqtisadiyyatının sürətlə irəlilədiyini vurğulayan S.Soylu iqtisadi baxımdan ölkənin sıçrama dövründə olduğunu söyləyib.