Əhmədiyyə Cəbrayılova həsr olunmuş videosərgi hazırlanıb

23 Sentyabr 2020 17:25 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Prezident İlham Əliyevin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamına uyğun olaraq İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Əhmədiyyə Cəbrayılov – 100” adlı 42 slayddan ibarət videosərgi hazırlayıb.

İdarədən SİA-ya bildirilib ki, videosərginin hazırlanmasında məqsəd xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqda layiqincə yaşatmış Ə.Cəbrayılovun rəşadətli döyüş yolunu bir örnək olaraq gənc nəslin diqqətinə çatdırmaqdır.

Əhmədiyyə Cəbrayılov İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı olub, “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib və Fransanın orden və medalları, o cümlədən “Hərbi medal”la təltif olunub.

Videosərgidə Prezident İlham Əliyevin məlum Sərəncamı, əfsanəvi partizan Ə.Cəbrayılovun həyat və rəşadətli döyüş yolunu əhatə edən biblioqrafiyası xronoloji ardıcıllıqla verilib, döyüş xronikasından fotoşəkillər, hərbi sənədlərin fotosurətləri, haqqında yazılmış sənədli və bədii əsərlər, monoqrafik əsərlər, dövri mətbuatda haqqında dərc edilmiş məqalələr, ev-muzeyindən fraqmentlər, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yaradılmış Vikipediya haqqında məlumat, adının əbədiləşdirilməsi məqsədilə Fransada ucaldılmış xatirə-abidənin şəkli və hər bir slayda aid məlumatlar nümayiş etdirilib.