Prezident İlham Əliyevin düşünülmüş diplomatik siyasəti beynəlxalq səviyyədə

23 Sentyabr 2020 14:35 (UTC+04:00)

Dövlət başçısı koronavirusla mübarizədə dünyaya örnək olan mövqe nümayiş etdirir

Bu, real faktordur ki, əksər ölkələr gözlənilmədən bəşəriyyətin üzərinə yeriyən koronavirus adlı kabusun qarşısında aciz qaldığı bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və operativ olması, kreativ lider kimi düzgün qərarlar verməsi və bütün ölkənin aqibəti ilə yanaşı, hər bir vətəndaşın da qayğılarını eyni həssaslıqla düşünməsi Onun nüfuzunu dünya miqyasında artırır. Dövlət başçısının mübarizliyi və müdrik lider keyfiyyətləri yüz minlərlə insanın rəğbətinə səbəb olur.

Əslində, Prezident İlham Əliyevin qətiyyətli addımları olmasaydı, belə geniş miqyasda qabaqlayıcı tədbirlər görülməsəydi, xəstələrin sayı minlərlə ölçülə bilərdi. Bu gün dövlət başçısının uzaqgörən və çevik siyasəti nəticəsində yoluxma zənciri qırılmış, müsbət dinamika əldə edilmişdir. Operativ qərarlar, sosial məsələlərin həllinin önə çəkilməsi Azərbaycanda milli həmrəyliyi misli görünməmiş ucalıqlara qaldırmış, xalq-iqtidar birliyinin möhtəşəm gücə çevrildiyini sübut etmişdir.

Prezident İlham Əliyev: “Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır”

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasında Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edərək Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib: “Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altında Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirildi. Zirvə görüşündə mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi. BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası cari il iyulun 10-da çağırılmışdır. Hesab edirəm ki, xüsusi sessiya zamanı dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələr pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaqdır. Həmçinin onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə böyük töhfə verəcəkdir».

Dövlət başçısı, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırdığını diqqətə çatdırıb: «Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib”.

Koronavirusun qarşısının alınmasında atılan addımlar…

Prezident İlham Əliyev 17 il ərzində atdığı bütün addımlarla hər bir azərbaycanlının Prezidenti olduğunu, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Artıq aylardır ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizdə, ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb. Məhz, məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb və Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapıb, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb, dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilib, bununla yanaşı, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir.

Dövlət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Bununla da 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb.

Dövlət çalışır ki, bu cür çətin və həssas məqamlarda sosial proqramlar dayanmasın, ixtisar olunmasın. Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramının icra edilməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatların qurulması işlərinin aparılması, 85 min ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işlərinin aparılması bir daha koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirlərinin Prezident İlham Əliyevin «Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır», «Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır» fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Bu gün cənab Prezidentin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur.

Prezident və Birinci vitse-prezident təcili tibbi yardım avtomobilləri ilə tanış olublar

Elə sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib. Yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, “Mercedes Sprinter 416” bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib. “Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib. Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman olduğu kimi, pandemiya ilə mübarizənin davam etdiyi çətin dönəmdə vətəndaşların rifahının daha da yaxşılaşdırılması, siyasi, iqtisadi və digər sahələrdə görülən işlər qısa bir zamanda öz müsbət nəticələrini göstərib.

Bir sözlə, görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da az itki ilə çıxacağını deməyə əsas verir. Dövlətimizin başçısının dediyi kimi, «Biz birlikdə güclüyük!”

RƏFİQƏ KAMALQIZI