Paşinyan Tsarukyanın həbsi barədə sifariş verdi QARŞIDURMA

23 Sentyabr 2020 13:49 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanın həbsi barədə göstəriş verib. SİA-nın məlumatına görə, bu barədə politik.am portalı yazır. Portalın yazdığına görə, artıq bununla bağlı İrəvanın ümumi məhkəmə yuridiksiyasının hakimi Mnatsakan Martirosyana göstəriş verilib.

“Ötən gün baş prokuror Qor Abramyan dəqiqləşdirmişdi ki, Qagik Tsarukyanın həbsi, yaxud başqa yerə getməmə haqqında iltizamın verilməsi barədə məhkəməyə müraciət olunmayıb”, xatırladan erməni xəbər mənbəsi qeyd edir ki, son bir neçə gün ərzində baş nazir Paşinyan tez-tez prokurorluq əməkdaşları, ədliyyə naziri, digər hüquq-mühafizə strukturlarının nümayəndələri ilə görüşlər keçirib: “Paşinyan Qagik Tsarukyanın vilayətlərdə keçirdiyi görüşlərdən və ictimaiyyətin həmin görüşlərə göstərdiyi maraqlarından narahat olub. O tələb edib ki, Qagik Tsarukyan müxalifətin mitinqinə qədər bütün “qanuni” vasitələrlə həbs edilsin. Baş nazir Paşinyanla görüşdə olan bəziləri onu xəbərdar ediblər ki, bu proses elə də qanuni şəkil almayacaq və gələcəkdə onların özlərinə qarşı kompromat olaraq tətbiq oluna və məsuliyyətə cəlb edilə bilərlər”.

Erməni portalı yazır ki, bütün xəbərdarlıqlara baxmayaraq, Paşinyan öz tələbində israrlı olub və Tsarukyanın həbsini tələb edib.

Maraqlı cəhətlərdən biri də budur ki, Tsarukyanın həbsi sifarişində iştirakçı olan hakim Mnatsak Martirosyanın bənzər işlərdə “peşəkar” olduğu qeyd edilir və bildirilir ki, o əvvəlki hakimiyyətlərdə də sifarişli hökmlər çıxarmağı ilə məşhur olub.

Xatırladaq ki, Ermənistanın üç əsas müxalifət partiyaları - "Çiçəklənən Ermənistan", "Daşnaksyutun" və "Maarifçi Ermənistan" oktyabrın 1-ə İrəvanın "Azadlıq" meydanında etiraz mitinqi keçirmək üçün birgə qərar qəbul ediblər. Erməni KİV-ləri xalqın həmin mitinqə kütləvi dəstək göstərəcəyi barədə informasiyalar verməkdədirlər.

Rövşən RƏSULOV