“Asılı olma, azad ol”

22 Sentyabr 2020 14:44 (UTC+04:00)

F.Köçərli adına Respublika Uşaq kitabxanası “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin iyulun 15-dən oktyabrın 15-dək həyata keçirdiyi “Asılı olma, azad ol” layihəsinə qoşulub. SİA-nın məlumatına görə, layihənin məqsədi yeniyetmə və gənclərin zərərli vərdişlərə meyilliliyinin qarşısını almaq üçün onlara narkotik maddələrin, siqaretdən istifadənin və alkoqollu içkilərin insanın ruh və bədən sağlamlığına vurduğu zərərləri elmi əsaslarla izah etmək və cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməkdir.

Layihə çərçivəsində yeniyetmə və gənclərin maarifləndirilməsi üçün “Siqaretdən uzaq dur” adlı kitabçalar nəşr olunub və Respublika Uşaq kitabxanasına hədiyyə edilib. Respublika Uşaq kitabxanası öz növbəsində hədiyyə edilən 550 ədəd kitabça və bukletlərin respublikada fəaliyyət göstərən uşaq kitabxanalarına göndərilməsini təmin etməklə layihəyə dəstəyini göstərəcək.