Stajlı cəbhəçi dələduz sədr qarşıdurması…

22 Sentyabr 2020 12:53 (UTC+04:00)

Aydın Əliyev: "Tərcümeyi-halı qara ləkəli Əli Kərimli dələduz, satqın və şantajçıdır"

Bəli, bu xəmir hələ çox su aparacaq. Bir adam anadan olduğu gündən ancaq pis niyyətdə olursa, o, ömrünün sonuna kimi öz xislətini gizlədə bilməyəcək. Elə bugünlərdə AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə yayılan yazışmasına, o, partiyanın Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyevin AXCP-dən uzaqlaşdırılmasına dair necə göstəriş verməsi əks olunub. Həmin yayımda Əli Kərimli partiyanın digər üzvü İradə Nərimana Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırır.

Eynulla Fətullayev: "Əli Kərimli müxalifət düşərgəsinin tülküsüdür. Bütün tülkü və xəyanətkar siyasəti ilə"

Bəli, bu gün bu tülkü siyasətçi, cinayətkar Ə.Kərimlinin bu şantaj, satqın, xəyanətkar əməlləri elə anadan olduğu zamandan olub. Necə deyərlər: "xəmiri belə yoğrulub".

AXCP sədri Ə. Kərimlinin Saatlıda yaşayan yaxın qohumları bu fikri dönə-dönə vurğulayırlar ki, olduğu gündən satqın olub, ətrafında olan uşaqları böhtanlayıb və bu gün də eyni yolu gedir. Göründüyü kimi, bir "siyasətçi"nin (siyasətçi yox, riyakar, satqın) tərcümeyi-halında bu qədər qara ləkələr olsun və dünyanı ağuşuna alan koronavirus kimi bir epidemiyaya qarşı mübarizədə dövlət başçısının apardığı siyasətə bütün dünya dövlətlərinin həsəd apardığı bir zamanda "ev dustağı" adı ilə sosial şəbəkələrdə böhtanlı çıxışlarla xalqı mitinqlərə səsləməsi, ancaq həyasızlıq və iblis xislətli olmasından doğur. Bir də, necə deyərlər- qozbeli qəbir düzəldər. Görünür, heç qəbir də Əli Kərimlini düzəldə bilməyəcək.

E.Fətullayev bildirib ki, Ə.Kərimlinin tərcümeyi-halı başdan-ayağa kimi belə şantajla doludur: "Bu gün xalqın çağırışlarına diqqət yetirsək görərik ki, xalq Əli Kərimli kimi satqınların etdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edir. Çünki xalq, xüsusilə gənc nəsil ölkəmizdə demokratik proseslərin inkişafını yüksək dəyərləndirir və bu şəraiti yaradan, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirən dövlət başçısının siyasi xəttini dəstəklədiklərini bəyan edirlər. Doğrudur, Əli Kərimli kimi mili maraqlardan, millilikdən uzaq olan xəyanətkar qüvvələrin çağırışlarına isə məhəl qoyan yoxdur. Ancaq bəzi gənclərimiz bu çağırışlardan zəhərlənə bilirlər. Ona görə də belələri etdikləri əməllərin cəzasını çəkməlidir".

Əli Kərimlinin son 20-25 ildə dağıdıcı məqamları...

1995-ci ilin payızında Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilər. Bu, o vaxtlar idi ki, mərhum Əbülfəz Elçibəy təşkilatına - AXC(P)-ə Kələkidən tam nəzarət edə bilmirdi. Bundan istifadə edən Ə.Kərimlinin "Yurd"laşdırılmış nəzarəti "at oynadırdı". Bundan sonra da Əli Kərimli müxalifət düşərgəsində birlik təşəbbüslərinə sarsıdıcı zərbələr vurdu. 2000-ci ilin parlament seçkilərində ortaya qoyduğu mövqe yəqin çoxlarının yaddaşından hələ də silinməyib. Yenə də Müsavatla AXCP-nin seçkiyə "vahid siyahı" ilə getmələri təşəbbüsü Ə.Kərimli tərəfindən "vuruldu". Seçkidən sonra isə müxalifətin tutduğu vahid mövqeyə qarşı çıxmaqla Ə. Kərimli növbəti missiyasını yerinə yetirmiş oldu. Bu gün Ə. Kərimli kimlərəsə boşuna qucaq açmır. Elə məşhur bir aforizmdə deyildiyi kimi, "onları sevdiyi üçün qucaqlamır, sevmədiyi üçün qucaqlayır. Ki, bağrına basıb, elə möhkəm sıxsın ki, boğulsunlar..."

Bax, bu reallıqdır ki, Əli Kərimlinin yanında olmaq, ona inanmaq, güvənmək minalanmış ərazi ilə yol getmək qədər riskli və təhlükəlidi. Ə.Kərimli bir reallığı anlamalıdır ki, növbəti dəfə özünü "müxalifətin vahid lideri" olaraq təqdim edib və bu vasitə ilə onun aldadıcı çağırışlarına inanan müxalifət partiya sədrlərini özündən "asılı" vəziyyətdə olduğunu nümayiş etdirməyə cəhd göstərsə də, artıq müxalifət bu cinayətkarın hansı xislətdə olduğunu bilir.

Aydın Əliyev: "Uduza-uduza gedirsən, cəsarətin və mənliyin çatırsa, istefa ver"

AXCP-nin sabiq NTK sədri Aydın Əliyev AXCP sədri Əli Kərimli kimi həyasız, bəli həyasız bir məxluq görmədiyini bildirib. Qeyd edib ki, 1988-ci ildən etibarən xalq hərəkatının fəal üzvü olmuşam: "AXCP-nin ən fəal üzvlərindən biri olaraq, partiyada müxtəlif rəhbər vəzifələrdə olmuşam. 2015-ci ildə AXCP Nəzarət Təftiş Komissiyasının üzvü, sonra isə sədri seçilmişəm. Sonradan bilmişəm ki, mənim kimi obyektiv, düz danışan, prinsipial bir adamın bu vəzifəyə seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb". Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev Facebook-dakı səhifəsi vasitəsilə partiyadaşlarına müraciət edib.

A.Əliyevin dediyinə görə, partiyadaxili, xaricdən gələn qrant və s. pul məsələlərini ancaq öz nəzarətində saxlayan, özünün, ailəsinin və xaricdə yaşayan oğlunun ərəb şeyxləri kimi yaşamasına sərf edən Əli Kərimlini onun kimi düzgün, əqidəli adam qane etməyib: "30 illik siyasi fəaliyyətimdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılmışıq. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə aparıldığını desə də, əslində, partiyada sərt diktatura rejimi qurub.

Əli Kərimli fərqli düşünənləri, onun anti-demokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb".

A.Əliyev daha sonra onu da bildirib ki, dəfələrlə demişəm ki, AXCP sədri Əli Kərimli dələduzdur, şantajçıdır, cinayətkardır, illərdir ki, onun partiya üzvlərini aldadır: "Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir. Sizin çoxunuz Əli Kərimlinin anti-demokratik, qanunsuz partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdarsız, lakin onu dilə gətirməkdən çəkinirsiz. Əli Kərimli kimi diktator bu ölkədən itib getməlidir".

A.Əliyev etiraf edib ki, Əli Kərimli və onun əlaltıları onu da çirkin oyunlarının qurbanına çevirib, ləkələyib partiyadan, siyasi mübarizədən uzaqlaşdırmağa məcbur etməklə məşğuldur və onun Əli Kərimlinin iç üzünü açmaq lazımdır. O, AXCP sədrinə bir daha müraciət edərək bildirib ki, bu illər ərzində apardığın çirkin, xəyanətkar oyunlar yetər: "Partiyada yaratdığın diktaruraya son qoy! Əgər cəsarətin və mənliyin çatırsa, istefa ver! Qoy partiyanın üzvləri özlərinə gənc, savadlı, xalqını sevən, bacarıqlı rəhbər seçilsin. Azərbaycanı fəlakətə aparan əməllərindən əl çək! Bilirəm ki, bu müraciətimdən sonra Əli Kərimlinin göstərişi ilə əlaltıları mənə qarşı böhtan və şər kampaniyasına başlayacaqlar. Ancaq bütün bunlara əhəmiyyət verməyərək qabaqcadan həmin şəxslərə səslənirəm ki, mənim barəmdə danışarkən haqq və ədalət hissini unutmasınlar. Bir gün onlar da Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər".

Görünür, elə bu səbəbdən də Əli Kərimli yenidən A.Əliyevlə bağlı saxta sənədlərin hazırlanması tapşırığını verib. Ancaq haqq nazilər, amma üzülməz.

Əli Kərimli şablon təfəkkür yiyəsidir

A.Əliyev onu da bildirib ki, AXCP sədri, həm də bloqer şablon təfəkkür yiyəsi olduğundan anlamır və anlamaq istəmir ki, ABŞ-da yaşayan Sevinc Osmanqızı YouTube-dakı kanalını faktiki olaraq Əli Kərimlinin təbliğat ruporuna çevirə bilər: "Vidadi İsgəndərli, Rafael Piriyev, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teymurxan və başqaları Əli Kərimlinin bəh-bəhlə tərifləyə bilər, amma bütün bu qəfil sevgi həmin lümpenlərin, siyasəti plebey səviyyəsinə salmış adamların maraqlarıdır, vəssəlam. Onlar yalnız öz mənafelərini güdürlər və həmin başabəla bloqerlərdən yararlandığını düşünən Əli Kərimlidən, əslində, kukla kimi istifadə edirlər. Həmin söyüş mexanizmləri, sosial şəbəkə müxalifəti Azərbaycandakı indiki sekulyar, şüarlarında "Ləbbeyk!" kəlməsinin yer almadığı, seçkilərdən və siyasi mübarizədən bəhs edən müxalifətin düşmənidir. Bu adamlar nə təklif edirlər? Qan, qada, vətəndaş savaşı, qiyam, qarğaşa və xaos".

Sonsuz saxtakarın yeri…

"Bəli, Ə.Kərimli saxtakarlığı sonsuzdur", -AXCP NTK sədri A.Əliyev bildirib ki, Ə.Kərimli partiya daxili maliyyə, xaricdən gələn qrant və sair pul məsələlərini ancaq öz nəzarətində saxlayıb, özünün, ailəsinin, xaricdə yaşayan oğlunun, ərəb şeyxlərinin övladı kimi yaşamasına sərf edib. Onun sözlərinə görə, AXCP sədri Ə.Kərimlini düzgün, əqidəli cəbhəçilər heç zaman qane etməyib: Baxın: Moskvadan hər ay "Milli Şura" və AXCP adlı qurumlara nə az, nə çox - 412 min dollar vəsait daxil olub. Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 140 min dollar, Avropa İttifaqı Nümayəndəliyi Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti (DİHAA) və Qeyri-Dövlət İştirakçıları (QDİ) proqramları çərçivəsində 9 milyon manata yaxın vəsait, Avropa Komissiyasının xəttilə ayrılan 2.7 milyon avro, ABŞ-ın Azərbaycandakı səfirliyindən 15322 dollar, Dünya Bankından 10500 dollar, "Revenue Watch Institute" (ABŞ) 30000 dollar, "Asiya İnkişaf Bankı" üzrə QHT Forumundan 4720 dollar, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan (NED) 40250 dollar, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən 5000 funt sterlinq, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondundan 19615 dollar, yenə də NED-dən 42796 dollar, ABŞ-ın "Kounterpart İnterneşnl" Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyindən 29448 manat, ümumilikdə isə, iki ildə 210.000 dollar, ABŞ-ın Marşal Fondundan (GMF) 21800 dollar, Avropa Birliyindən 120.374 avro, 250 min avro isə əldə olaraq. Bu vəsaitin 60 %-i, yəni 500 min dollara yaxını birbaşa Əli Kərimlinin şəxsi büdcəsinə daxil olub. O, bizim hər birimizdən şəxsi mənafeyi üçün istifadə edib. Yeri gəlmişkən, biz bu sıralamaya Ə.Kərimlinin mühacir biznesindən və digər qaranlıq sahələrdən əldə etdiyi gəlirləri də əlavə edəriksə, daha çox milyonluq rəqəmlərin şahidlərinə çevrilmiş olarıq.

AXCP NTK sədri A.Əliyev deyib ki, Ə.Kərimli bir siyasi dələduz olaraq cəbhəçiləri, xalqımızı illərdir aldadır. O, bu gün də gənclərimizi aldadaraq, özünün çirkin oyunlarına qüvvət vermək istəyir. Sizin çoxlarınız Əli Kərimlinin antidemokratik, qanunsuz, partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdarsınız. Lakin onu dilə gətirməkdən çəkinirsiniz. Bizim məqsədimiz Ə. Kərimli kimi bir diktatoru yox, azad, demokratik seçkilər nəticəsində xalqımızın etimad göstərdiyi bir siyasi liderin hakimiyyətə gəlməsi olmalıdır. Əziz dostlar, Ə. Kərimli və onun əlaltıları məni də öz çirkin oyunlarının qurbanına çevirib, ləkələyərək partiyadan, siyasi mübarizədən uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Ancaq bildirirəm ki, mən istefa verməyəcəyəm. Partiyamızda olan yüzlərlə əqidəli, xalqını sevən cəbhədaşlarımla birlikdə Əli Kərimlinin partiyamızda yaratdığı diktatura rejiminə, onun çirkin oyunlarına qarşı mübarizə aparacağıq. Onun bütün xəyanətkar əməllərini ifşa edəcəyik. Çalışacağıq ki, partiyamızın bütün üzvləri, həm də xalqımız Əli Kərimlinin iç üzünü tanısınlar. Onun, əslində xalqımıza qarşı hansı xəyanətlərə yol verməsindən xəbərdar olsunlar. Əli Kərimli, bu illər ərzində apardığın bu çirkin, xəyanətkar oyunlar yetər!

Rəfiqə HÜSEYNOVA