"Öz torpaqlarını işğalçılardan təmizləmək Azərbaycanın qanuni haqqıdır" Sevinc Fətəliyeva

21 Sentyabr 2020 18:18 (UTC+04:00)

“Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində xarici havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal edib. Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yerlərini tərk etmək məcburiyyətində qalıb. Təcavüzkar siyasət aparan Ermənistan işğal altında olan ərazilərdə yaradılan separatçı rejimə hərtərəfli dəstək verməklə yanaşı, mövcud status-kvonun saxlanmasına çalışır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində dalana dirənib. Təbii ki, Azərbaycan ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo davam edə bilməz, danışıqlar prosesində substantiv nəticələr əldə olunmalıdır. Yəni Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı fəaliyyətin çox mühüm strateji istiqamətlərindən birini hücum diplomatiyası təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli televiziyalara müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli bağlı mühüm bəyanatlar verdi.

Millət vəkilinin sözlərinə görə, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və status kvonu saxlamaq üçün təxribatlara əl atır. Terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi isə beynəlxalq müharibə cinayətidir. S.Fətəliyeva qeyd edib ki, Ermənistan bu davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkir: “Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda indiyə qədər Ermənistan öz təxribatçı əməllərindən geri çəkilmir. Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların erməni işğalı ilə bağlı qəbul etdiyi qətnamələr və sənədlər hər kəsə yaxşı məlumdur. Lakin Ermənistan bu sənədlərin heç birinə məhəl qoymur və öz qanunsuz əməllərini davam etdirir. Təəssüfləndirici amil isə ondan ibarətdir ki, Ermənistana qarşı həmin beynəlxalq təşkilatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu heç bir təzyiq göstərmir. Ermənistan isə bu cəzasızlıqdan ilham alaraq növbəti cinayətlərə, qanunsuzluqlara və təxribatlara əl atır. Bütün bunlar onu göstərir ki, Ermənistan növbəti təxribatlara və müharibəyə hazırlaşır. Dövlətimizin başçısı İlham Əliyev yerli televiziyalara müsahibəsində bu məsələni də qeyd edərək Ermənistana layiqli cavab veriləcəyini vurğuladı. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək. Dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik”.

Millət vəkili söyləyib ki, Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdır: “Bu gün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, öz torpaqlarını işğalçılardan təmizləmək Azərbaycanın qanuni haqqıdır. Həmçinin, Azərbaycanın güclü ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunu həm Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər bird aha təsdiqləyir. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacq. Torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində işğaldan azad ediləcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar”. yap.org.az