COVİD-19 pandemiyasından zərər çəkmiş ailələrə dəstək - FOTOLAR

21 Sentyabr 2020 15:44 (UTC+04:00)

Lənkəran, Astara və Lerik rayonu üzrə “COVİD-19 pandemiyasından zərər çəkmiş aztəminatlı ailələr və iş yerlərini itirmiş vətəndaşlar arasında aqroturizmin təşviqi” layihəsi çərçivəsində dəstək göstərilib. SİA-nın məlumatına görə, aqroturizmin inkişaf etdirilməsi və bu istiqamətdə əlavə gəlirlərin əldə edilməsini stimullaşdırmaq məqsədi ilə ümumilikdə 6 aztəminatlı ailəyə, onlardan 5 nəfərin tələb və istəklərinə uyğun arı pətəkləri, bal ramkası və Lerik rayonunda yaşayan 1 nəfərə isə toxuculuq üçün mini dəzgah, rəngli yun saplar və sadə saplar, o cümlədən toxuculuq üçün zəruri alətlər verilib.

Layihə çərçivəsində istehsal təyinatlı bu avadanlıqlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə "Şəfəq" Ekoturizm ictimai birliyi tərəfindən, birliyin sədri, layihə rəhbəri Vamiq Babayevin iştirakı ilə vətəndaşlara birbaşa yaşadıqları ünvanlarda təqdim edilib. Məlumat üçün bildiririk ki, bu ailələr üçün layihə çərçivəsində təşkilat tərəfindən fərdi qaydada məsləhət xidmətləri də təşkil edilib, tövsiyyələr verilib.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd COVİD-19 pandemiyasından zərər çəkmiş aztəminatlı ailələr və iş yerlərini itirmiş vətəndaşlar arasında aqroturizm sahəsində maarifləndirmə işi aparmaq və stimullaşdırıcı tədbirlər həyata keçirərək bu istiqamətdə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.

Sərraf Talıbov