İran XİN-dən Ermənistanla bağlı - Bəyanat

21 Sentyabr 2020 14:44 (UTC+04:00)

İran İslam Respublikası Xarici işlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistanın Fələstinin işğal olunmuş ərazilərində səfirlik açması barədə bəyanat verib. SİA-nın məlumatına görə, bəyanatda deyilir:

İran İslam Respublikası Xarici işlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistanın Fələstinin işğal olunmuş ərazilərində səfirlik açması və sionist rejimin Qafqazda fəallaşması barədə dedi: Saxta və qəsbkar bir rejim 70 ildən artıqdır ki, fələstinlilərin torpaqlarında zülm edir və bu qəsbkar rejim nəinki həmin ölkəyə, ümumiyyətlə bu tarixi və qədim regiona aid deyil. Son bir neçə ayda Ermənistan dövlətinə bu məsələ xatırladılıb və Ermənistanın müvəqqəti işlər vəkili xarici işlər nazirliyinə çağırılıb və ona deyilib ki, Qüdsü işğal edən rejimin nə işğal olunmuş ərazilərdə və nə də bu regionda yeri yoxdur.

İran XİN sözçüsü bu hadisələrin Qarabağ münaqişəsinə təsiri barədə dedi: Bizim baxışımız daim aydın olub. Bu regionda heç bir münaqişə hərbi yol ilə həll olunmayacaq, Azərbaycan və Ermənistan dövlətləri ilə təmasdayıq və öz fikirlərimizi bildirmişik. Həmçinin heç bir kənar güclər Allaha xatir və xoşniyyətlə regiona gəlmirlər. Bu münaqişənin ən yaxşı həl yolu regional həlldir. İran dəfələrlə kömək edib və problemin həll olunması üçün yenə də kömək edəcək.