ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirib

21 Sentyabr 2020 13:21 (UTC+04:00)

Artıq ənənə halını almış “Xəzəri qoruyaq” aksiyası bu il də Bakı çimərliklərində baş tutub.

Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) SİA-ya verilən məlumata görə, “Coca-Cola”, “ASAN xidmət”, PASHA Bank, Bakcell, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Carlsberg” və “AzEcol” şirkətinin birgə təşkilatçılığı ilə reallaşan sahilyanı ərazilərin təmizliyinə dəstək layihəsində ətraf mühit müxtəlif tullantılardan təmizlənib.

Böyük marağa səbəb olan və yüzlərlə iştirakçının qoşulduğu tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir. Ötən ildən fərqli olaraq bu il aksiyanı onlayn olaraq daha geniş auditoriyaya çatdırmaq məqsədilə tədbirə ictimaiyyət tərəfindən tanınan və sevilən insanlar, həmçinin bloger və influnserlər də cəlb olunub. Pandemiya ilə əlaqədar sosial məsafə qaydasına riayət etmək məqsədilə bu dəfə aksiya 10 nəfərdən ibarət bir neçə qrup tərəfindən xüsusi ayrılmış sektorlar üzrə həyata keçirilib.

Azərbaycan Dövlət Reklam Agentliyi isə təmizliyə dəstək aksiyasında iştirak etməklə yanaşı, açıq məkandakı reklam lövhələrində layihəyə dair sosial reklamların yayımını da həyata keçirib.

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır. Hər il 21 sentyabr tarixində dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. 10 ildir ki, Azərbaycanda da Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur.