Gender bərabərliyi: Ailədə və cəmiyyətdə qadının yeri - ANALİZ

21 Sentyabr 2020 12:47 (UTC+04:00)

Azərbaycanda kişi və qadın arasında hüquqi bərabərliyin təmin olunmasına rəğmən müəyyən sahələrdə ayrıseçkiliyin mövcudluğu nədən qaynaqlanır?

Müasir dünyada ən aktual məsələlərdən biri də gender problemidir. Cəmiyyətdə və ailədə cinslərin hüquq bərabərliyi, qadın-kişi münasibətləri müxtəlif quruluşlarda fərqli kontekstlərdə nəzərdən keçirilib. Qadınla kişinin bərabər hüquqları, istər sosial, istər cinsi, istər də mənəvi aspektlərdə cinslərin qarşılıqlı münasibətləri ən çox müzakirə olunan mübahisəli məsələlərdəndir.

Gender bərabərliyi haqda beynəxalq konvensiyalar

Qadınların kişilərlə bərabər hüquqları beynəlxalq sənədlərlə təsbit olunub. BMT-nin İqtisadi və Sosial Şurasının Məruzəsində (1997) deyilir: “Bu mövqe qadınların, həm də kişilərin bərabər mənfəət götürməsi, bərabərsizliyin isə, həmişəlik kök salmaması üçün ümumi konsepsiyaların işlənməsi, monitorinqin və bütün siyasi, iqtisadi və ictimai sferalarda proqramların həyata keçirilməsi zamanı qadınların maraq və təcrübələrinin də kişilərlə eyni dərəcədə ayrılmaz meyar olmasına əsaslanır”.

Gender bərabərliyi sahəsində müəyyən edilmiş əsas beynəlxalq sənədlər bunlardır: “Eyni dəyərə malik əməyə görə kişi və qadınların bərabər mükafatlandırılması haqqında” BƏT (Beynəlxalq Əmək Təşkilatı) Konvensiyası (1951), “Qadınların siyasi hüquqları haqqında” Konvensiya (1952), “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiya (1979), “Zəhmətkeş qadın və kişilər üçün bərabər imkanlar və eyni davranma: ailə mükəlləfiyyətli zəhmətkeşlər haqqında” BƏT Konvensiyası (1983), “Minimal nikah yaşında nikaha daxil olmaq razılaşması və nikahların qeydə alınması haqqında” Konvensiya (1962) və s.

Azərbaycanda gender problemi: tarix və bu gün

Tarixi qaynaqlara görə, ən geci yeni eradan əvvəlki əsrlərdə Azərbaycanda qadınların cəmiyyət həyatında böyük rolu və hüquqları olub. Qadınlarımız həm ailədə, həm cəmiyyətdə, həm təsərrüfat işlərində, həm də döyüş meydanlarında kişilərlə çiyin-çiyinə dayanıb. Hürrəmilərin hakimiyyəti zamanı - (Babək dövrü) hakimiyyəti vaxtı qadınlara geniş hüquqlar verilməsi, sonrakı Azərbaycan dövlətlərində də qadınların mövqeyinin artması tariximizdə gender problemi ilə bağlı təqdirəlayiq işlərdəndir.

Azərbaycanda cins bərabərsizliyinin daha qabarıq ortaya çıxması İslam dininin hakim mövqeyə yüksəlməsindən sonra daha çox müşahidə olunub. Şəriət hökmlərində kişilərin qadınlar üzərində sərhədsiz hakimiyyətinin daha sərt şəkildə təsbit olunması cəmiyyətdə gender bərabərsizliyinin güclənməsinə nədən olub.

1918-ci ildə müsəlman şərqində yaradılan ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti tarixdə qadınlara seçki hüququ və s. hüquqlar verilən ilk ölkələrdən sayılır. Sovet İttifaqının tərkibində olduğumuz zamanlarda isə qadınların cəmiyyətdə, ailədə, dövlət sistemində rolu daha sürətlə artdı və gender bərabərliyi həm hüquqi, həm də faktiki olaraq təmin olundu.

SSRİ dağıldıqdan və Azərbaycan müstəqil dövlət olduqdan sonra isə gender problemi yenidən aktuallaşdı. Cinslərin bərabərlik məsələsi ölkə qanunvericiliyində yüksək səviyyədə təsbit olunsa da, real həyatda qadın hüquqlarının pozulması, məişət zorakılığı, qadın alveri və cinsi istismar hallarının sayı artır. Sosioloq və psixoloqlar bu prosesə fərqli amillərin (sosial problemlərin artması, milli-mənəvi dəyərlərin gözardı edilməsi və psixoloji təzyiqin güclənməsi, qızların təhsil almasına diqqətin azalması və s.) rolunu qeyd edirlər.

Qadınlar seçkili orqanlarda niyə zəif təmsil olunur?

Qadınların seçkilərdə iştirak hüququnun rəsmi olaraq təmin olunması XX əsrin başlanğıcına təsadüf edir. Zərif cinsin nümayəndələri Finlandiya və Norveçdə 1906-1907-ci ildə, Danimarkada 1915-ci ildə, Almaniya, İsveç və Böyük Britaniyada 1918-ci, ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü, İtaliyada 1945-ci, İsveçrədə 1971-ci ildə səsvermə hüququ qazanıblar.

Sovet dövründə Azərbaycan qadınların icimai-siyasi, elmi, texniki, humanitar sahələrdə iştirak səviyyəsinə görə dünyada ilk yerlərdə olub. Müsəlman ölkələri arasında isə 1-ci yerdə idi.

Ekspertlərin fikrincə, hazırda Azərbaycanda qadınların hakimiyyətin seçkili orqanlarında və ali icra strukturlarında təmsil olunma faizi qənaətbəxş deyil. Zərif cins təmsilçiləri ölkə parlamenti üzvlərinin yalnız 16 faizini təşkil edir. Bu göstəriciyə görə, Türkiyədən (9%) öndə olsaq da, Avropa ölkələrindən, Rusiya və ABŞ-dan xeyli geridəyik.

Siyasi partiyaların üzvlərinin üçdə birinin qadın olduğu bildirilsə də, rəhbər strukturlarda onların yalnız 1 faizi təmsil olunur. Ölkədə cəmi 1 partiyanın lideri qadındır. Son statistik məlumatlara görə, ölkəmizdə doktorluq elmi dərəcəsi alan kişilərin sayı 1000 nəfərə yaxın olsa da, qadınlar 100 nəfərə yaxındır. Göründüyü kimi, burada fərq 10 qatdır.

Bununla belə ölkəmizdə qadınlar humanitar sahələrdə daha geniş miqyasda təmsil olunurlar. Bir sıra sahələrdə (məs. təhsil, səhiyyə, mədəniyyət, ticarət, xidmət sektorları) isə qadınlar ümumi işçi qüvvəsinin 70-80 fazini təşkil edirlər. Lakin bu sahələrdə də zərif cınsin nümayəndələri rəhbərlikdə təmsil olunma üzrə çox aşağı faiz təşkil edirlər.

Gender bərabərliyi üçün hüquqi problem yoxdur

Qeyd etməliyik ki, gender bərabərliyinin təmin edilməsi üçün ölkə qanunvericiliyi təkmil sayılır və dövlətin qadın siyasətilə bağlı xüsusi proqramının olması da təqdirəlayiqdir. Bu gün Azərbaycanda qadın hüquqları və gender bərabərliyinə dair 142 sənəd imzalanıb. 1998-ci il yanvarın 14-də Azərbaycan prezidenti "Qadınların rolunun artmasına dair tədbirlər haqqında" fərman imzalayıb, 6 mart 2000-ci il tarixində isə "Dövlət qadın siyasətini həyata keçirilməsi sahəsində ən mühüm istiqamətləri" müəyyənləşdirilib. 2006-cı ildə "Gender bərabərliyinin təmin edilməsi " haqqında qanun qəbul edilib.

MDB məkanında qadın siyasətini həyata keçirilməsi sahəsində ilk və hələlik yeganə dövlət orqanı kimi Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, o cümlədən, çoxsaylı qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyət göstərir. Dövlətin Konstitusiyası da, Ailə və Cinayət-Prosessual Məcəlləsi də qadın hüquqlarının keşiyində dayanır. Bütün bunlar Azərbaycanda gender bərabərliyi sahəsində vəziyyətin de-yure olaraq tələb olunan səviyyədə olduğunu sübut edir.

Azərbaycan Konstitusiyası qadın və kişilərin bərabər fəaliyyətinin hüquqi bazasını təşkil edir. Dövlət qadın siyasətinə dair sərəncamda (6 mart 2000-ci il) isə deyilir ki, rəhbər vəzifələrdə və bütün dövlət orqanlarında fəaliyyət növünü nəzərə alaraq, qadınların bərabər iştirakını təmin etmək tapşırılıb. Lakin etiraf etməliyik ki, çox mühüm işlər görülsə də, qeyd olunan məsələdə irəliləyiş kifayət dərəcədə deyildir.

Sosioloq: “Əsas faktor dini təsirlər və sosial problemlərdir”

Azərbaycanda qadınlara münasibətdə yazılmamış qanunlar və formalaşmış stereotiplər çox zaman önə çıxır. Siyasətdə və biznes sahələrində qadının yeri kişidən sonra gəlir. Bəziləri bunu mental xüsusiyyətlərlə izah etməyə çalışır. Əslində, bunu milli mentalitetlə bağlamaq doğru olmaz. Burada əsas amilləri dini təsirlər və sosial problemlər təşkil edir”- “Sağlam Cəmiyyət” İctimai Birliyinin (SCİB) eksperti Leyla Məhərrəmova bu qənaətdədir.

Ekspertin fikrincə, Azərbaycanda gender bərabərliyi fərqli sosial qruplar arasında fərqli situasiyanın mövcudluğunu ortaya çıxarır: “Təşkilatımızın araşdırmaları göstərir ki, bu problem əsasən, cəmiyyətin aşağı təhsilli, dindar və sosial təminat cəhətdən zəif təbəqələrində müşahidə olunur. Lakin, əsasən iri şəhərlərdə yaşayan, ali təhsil və müasir dünyagörüşə malik ailələrdə belə problemlər demək olar ki, yaşanmır".

SCİB eksperti deyir ki, qadınlara öz bacarıqlarını ortaya çıxarmağa, ali təhsil almağa və seçkili orqanlarda daha çox təmsil olunmağa şərait yaradılmalıdır: “Burada mən təkcə dövləti və hüquqi bazanı nəzərdə tutmuram, qanunvericiliyimizdə bununla bağlı lazımı müddəalar təsbit olunub, hüquqi olaraq heç bir problem yoxdur. Bu məsələdə ailə üzvləri, cəmiyyətin özü maraqlı olmalıdır. Tarix və təcrübə göstərir ki, yalnız gender bərabərliyinin faktiki təmin olduğunu ölkələrdə inkişaf daha yüksək səviyyədədir".

Leyla Məhərrəmova nəzərə çatdırdı ki, Azərbaycanda boşanmaların faizi dünyanın digər ölkələrinə nisbətdə xeyli aşağıdır: “Bu da cəmiyyətimizdə möhkəm ailə institunun varlığından və Azərbaycan ailələrində qadının layiqli yerindən xəbər verir. Bir sıra ölkələrdə isə, boşanma faizi olduqca yüksəkdir. Son dövrlə bizdə də boşanmalar xeyli artıb, buna baxmayaraq, biz hələ də ailə institumuzu qoruyub saxlaya bilirik. Əksər ölkələrdə isə bu institut sadəcə olaraq, dağılıb gedib".

Sosiloloq problemdən çıxış yolunu milli-mənəvi dəyərləri qorumaqda və maariflənmədə görür, çünki Azərbaycan ailəsində və cəmiyyətdə qadınların hüquqi və fiziki kontekstdə heç bir problemi yoxdur.

Lalə Mehralı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.