“Prezidentin sayəsində neftimizi xalqımızın rifahı üçün istifadə edə bilirik” ÖZƏL-MÜNASİBƏT

21 Sentyabr 2020 12:25 (UTC+04:00)

“Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilatın 2021-ci ilin ortalarında başlanılması gözlənilən hadisə idi”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atacaq: “Neftçilərimizi təbrik etmək istəyirəm. Neft Azərbaycanın milli sərvəti, bu gunu və gələcəyidir. Amma qeyd etmək gərəkir ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Göstəricilərə əsasən, Abşeron yatağında 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Bu isə Azərbaycanın bundan sonra da etibarlı qaz təchizatçısı olacağına dəlalət edir. Qeyd etmək gərəkir ki, “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Ölməz lider, Heydər Əliyevin uzaqgörənliyi sayəsində “Əsrin kontraktı”nın imzalanması ilə, günümüzə qədər saysız hesabsız kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artmağa davam edir. Nəzərinizə çatdıraq ki, Abşron yatağında 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verəcək. Hesab edirəm, yataqdan ilkin mərhələdə çıxarılacaq qaz, daxili təlabatları ödəməyə sərf olunacaq. Cənab Prezidentin də, qeyd etdiyi kimi “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək. Çünki xüsusilə TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Ötən illərlə müqayisədə Azərbaycan qazı bu gün Türkiyədə birinci yerdədir. Bu kimi göstəricilər iki ölkə tərəfindən də, olduqca önəmli inkişaf tempi kimi qiymətləndirilir”.

Daha sonra partiya sədri Prezident İlham Əliyevin nefçilərlə bağlı söylədiyi nitqə münasibət bildirib: “Prezident özü 9 il neft şirkətində çalışıb. Onun rəhbərliyi altında olduqca önəmli layihələrə imza atılıb. Amma Cənab Prezident bu gün də o illərin zəhmətini unutmayıb, neftçilərin əməyini yüksək qiymətləndirməyi özünə borc bilir. Hesab edirəm, neftçilərimiz bizim qəhrəmanlarımızdır. Dövlətimizin rifahının qarantı Azərbaycanımızın milli sərvəti olan neftimizdir. Cənab Prezident İlham Əliyevin sayəsində bu gün öz neftimizi öz xalqımızın rifahı üçün istifadə edə bilirik. Əks halda, bir çox neft ölkələri kimi böyük güclər tərəfindən ekspulatasiya edilə bilərdi. Amma bu gün dövlətin neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur. Azərbaycanın uğurlu inkişafında neftçilərin və Cənab Prezidentin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də məhz bu iki amildən asılıdır. Çünki bu gün əminlikdə demək olar ki, Cənab Prezidentin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycanda “qara qızıl” insan kapitalına çevirilərək, xalqımıza xidmət edir”.