"Gürcüstan hökuməti “Akkord STİK” ASC-nin fəaliyyətini yüksək qiymətləndirir" - Giorgi Qaxaria

20 Sentyabr 2020 04:55 (UTC+04:00)

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Tbilisi şəhərinin meri Kaxa Kaladze və digər rəsmi şəxslər ölkənin qərb zonasına səfər çərçivəsində “Şərq-Qərb” beynəlxalq avtomobil magistralının (E-60) tərkib hissəsi olan Samtredia-Grigolote hissəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” (“Akkord STİK”) ASC tərəfindən aparılan tikinti işləri ilə maraqlanıb, prosesləri müşahidə ediblər.

SİA əbər verir ki, “Akkord STİK” ASC-nin Gürcüstan nümayəndəliyi “Akkord Georgia” şirkətinin direktoru Məzahir Abdullayev və layihələr üzrə koordinatoru Elnur Mahmudov görülən işlər barədə məlumat veriblər. Eyni zamanda, pandemiya dövründə şirkətin həyata keçirdiyi tədbirlər, işçilərin təhlükəsizliyi istiqamətində görülən işlər və gələcək planlar diqqətə çatdırılıb.

Bildirilib ki, layihənin icrasına 200 nəfər işçi cəlb edilib və onların 85 faizi Gürcüstan vətəndaşıdır. Layihənin icrasının tərkib hissəsi olan və İmereti bölgəsinin ən böyük körpüsü olan Rioni çayının üzərində tikilən körpündə işlərin 75 faizi, yol dolğusu işlərinin 70,3 faizi tamamlanıb, həmçinin yolun 1750 metr hissəsinə asfaltın 1-ci qatı vurulub.

Baş Nazir görülən işləri yüksək qiymətləndirib, inşaatçılara uğurlar diləyib. Bildirib ki, Gürcüstan hökuməti “Akkord STİK” ASC-nin fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirir.

Məlumat üçün bildirək ki, “Akkord STİK” ASC Gürcüstanda inşa etdiyi beynəlxalq əhəmiyyətli avtomobil magistralının bir hissəsində işləri yüksək səviyyədə yerinə yetirərək iyulun 5-də, vaxtından 6 ay əvvəl istifadəyə verib.

Magistralın açılış mərasimində Gürcüstanın Baş Naziri Giorgi Qaxaria, dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov, Akkordun Gürcüstan nümayəndəliyinin rəhbəri Məzahir Abdullayev və digər rəsmi şəxslər iştirak etmişdilər.