Növbəti ustad dərsi keçiriləcək

19 Sentyabr 2020 10:45 (UTC+04:00)

“Xəzərin dalğaları” adlı birinci Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində ustad dərsinin növbəti qonağı “İWS Azerbaijan” cəmiyyətinin sədr müavini rəssam Səbinə İskəndər olacaq. Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, akvarelsevərlər ustad dərsini sentyabrın 25-də saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, [email protected]) üzərindən canlı yayımla, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləyə bilərlər.

Festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli və xarici rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində təşkil olunub.