Azərbaycanın Energetika naziri əməkdaşlığın əhəmiyyətini vurğulayır OPEC-in 60 illiyinə həsr edilmiş xüsusi bülletendən

19 Sentyabr 2020 09:38 (UTC+04:00)

OPEC-in 60 illiyinə həsr edilmiş xüsusi bülletendə təşkilatın yubileyi münasibətilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun fikirlərinə də yer ayrılıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, P.Şahbazov birlik, həmrəylik və əməkdaşlığın OPEC-in 60 illik fəaliyyətində bütün məram və məqsədlərinin zirvəsini təşkil etdiyini və OPEC ideyasının reallığa çevrilməsini də neft ölkələri arasında əməkdaşlığa inamın nəticəsi kimi qeyd edib:

“Uzun bir inkişaf yolu keçən OPEC neft bazarında çox dalğalanmalara, mübarizələrə şahidlik edib. Ən müxtəlif situasiyalarda tənzimləmə missiyasını layiqincə yerinə yetirərək, dünya enerji balansını və neft bazarının konfiqurasiyasını dəyişən yeni reallıqlara adekvat davranmağı bacarıb. Dünyanın enerji mənzərəsi kimi OPEC-in struktur və məzmunu da dəyişikliyə uğrayıb. 2016-cı ilin dekabrında “OPEC plus” formatının yaradılması bunun bir nümunəsi idi. Belə bir formatın yaradılması ilə təşkilat yeni inkişaf səviyyəsinə yüksəldi. Daha geniş əməkdaşlıq modelinə, səmərəli tənzimləmə mexanizminə sahib oldu. “Əməkdaşlıq Bəyannaməsi” təkcə bu sənədə qoşulan neft hasilatçısı və ixracatçısı olan ölkələrin maraqlarını təmin etmədi. Həm də çoxsaylı faktorların, risklərin təsiri ilə dəyişən vəziyyətə uyğun qlobal neft bazarının nizamlanmasının qarantına çevrildi.”

Azərbaycanın “OPEC plus” formatı çərçivəsində təşkilatla əməkdaşlığından bəhs edən nazir bildirib ki, təkcə neft bazarında tarazlığın deyil, ümumən dünyanın mizan-tərəzisinin pozulduğu dövrümüzdə bu vəziyyəti müsbətə doğru dəyişəcək ən qiymətli dəyərlərdən biri həmrəylikdir. Hazırkı çətin sınaqlar dövründə OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı və həmrəyliyi təşkilata ən gözəl yubiley hədiyyəsidir.